RATİ-nin bəyanatı: Jurnalist Elmar Hüseynovun qətlinə görə cəzasızlıq Azərbaycanda söz azadlığını məhv etməkdə davam edir

RATİ-nin bəyanatı: Jurnalist Elmar Hüseynovun qətlinə görə cəzasızlıq Azərbaycanda söz azadlığını məhv etməkdə davam edir

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu Azərbaycan hakimiyyətini 15 il əvvəl qətlə yetirilmiş tanınmış jurnalist Elmar Hüseynovun işinə görə cəzasıqlığa son qoymağa və söz azadlığına qarşı dözümsüzlük siyasətini dayandırmağa çağırır.

Mövcud hakimiyyətin kəskin tənqidçisi, müstəqil “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martın 2-də evinin kandarında güllələnib. Azərbaycanda ən səs-küylü siyasi qətlin nə sifarişçisi, nə də icraçısı indiyə qədər məsuliyyətə cəlb edilməyib.

Bu gün Elmar Hüseynovun qətlə yetirilməsinin ildönümündə RATİ bir daha bəyan edir və Azərbaycan və beynəlxalq ictimaiyyətə xatırladır ki, qətl işinin araşdırılmasına görə məsuliyyət tam olaraq Azərbaycanın mövcud hakimiyyətinin üzərinə düşür.

2005-cı ilin aprel ayında İlham Əliyev ATƏT-n mətbuat azadlığı üzrə o zamankı xüsusi nümayəndəsi Mikloş Xaraşti ilə görüşdə onu əmin edirdi ki, Azərbaycanın hüquq mühafizə orqanları qətlin üstünün qısa zamanda açılması üçün hər şey edəcək. Həmin günlərdə Sərhədsiz Reportyorlar Təşkilatının o zamankı baş katibi Robert Menardla görüşdə İlham Əliyev həmçinin əmin edirdi ki, hakimiyyət qısa zamanda qətldə məsuliyyət daşıyanları məsuliyyətə cılb edəcək. İlham Əliyev həmçinin Elmarın qətlindən 40 gün sonra onun atası Sabir Hüseynovla görüşüb və onu da əmin edib ki, qətlin istintaqı onun şəxsi nəzarətindədir və gunahkarlar cəzasız qalmayacaq.

“İlham Əliyevin ən azı üç vədinə, həmçinin Azərbaycanın hüquq mühafizə orqanları rəhbərlərinin çoxsaylı vədlərinə baxmayaraq, biz görürük ki, son 15 ildə Azərbaycan hakimiyyəti qatilin tutulmasında və bu cinayətin sifarişçisinin aşkar edilməsində maraqlı olmadığını açıq şəkildə nümyiş etdirir”, – deyə RATİ-nin icraçı direktoru Emin Hüseynov bəyan edib. “Bu səs-küylü cinayətin müddəti yoxdu və hakimiyyətin Elmarın qətlinin araşdırılmasında fəaliyyətsizliyi ildən ilə şübhələrimizi artırır ki, hakimiyyətin aparıcı tənqidçisinin qətlində mövcud hakim elitanın nümayəndələrinin əli var”, – deyə Emin Hüseynov fikrini yekunlaşdırıb.

Hakimiyyətin bu səs-küylü cinayəti araşdırmaqda marağının olmaması və jurnalistin qətli faktına görə cəzasızlığın qalmasında qismən maraq nümayiş etdirməsi səbəbindən RATİ Avropa Şurası və ATƏT-i, həmçinin BMT-i Azərbaycan hakimiyyətindən Elmar Hüseynovun qətlində günahkar olanları cəzalandırmağı tələb etməyə və zərurət yaranacağı halda bütün beynəlxalq mexanizmlər, o cümlədən sanksiya vasitəsilə hakimiyyəti buna məcbur etməyə çağırır.

RATİ Azərbaycan hakimiyyətini söz azadlığı nümayəndələrinə qarşı düşmən və repressiv münasibətə birdəfəlik son qoymağa, jurnalistlər Elmar Hüseynovun, Alim Kazımlının (2005-ci ildə hücumdan sonra dünyasını dəyişdi), Rafiq Tağının (2011-ci ildə hücumdan sonra dünyasını dəyişdi), Rasim Əliyevin (2015-ci ildə hücumdan sonra dünyasını dəyişdi) qətllərini, həmçinin jurnalistlər Novruzəli Məmmədov (güya 2009-cu ildə həbsxanada başladığı aclıqdan sonra dünyaını dəyişib), Eyyub Kərimov (güya 2018-ci ildə dəm qazından boğulub), bloger Mehman Qələndarovun (güya 2017-ci ildə kamerada özünü asıb) müammalı ölümlərini hərtərəfli araşdırmağa çağırır.

RATİ həmçinin hakimiyyəti həbs edilən bütün jurnalistləri azad etməyə, tənqidçilərinə qarşı siyasi və uydurma cinayət işlərinə son qoymağa, diffamasiyanı tam dekriminallaşdırmağa, müxalif və müstəqil KİV-lərin saytlarının bloklanması ilə bağlı məhkəmə və məhkəmədənkənar qadağaları aradan qaldırmağa, Youtube və Facebook trafikinə çıxışı məhdudlaşdırmamağa, müstəqil jurnalistlərin hərəkət azadlığına maneəni aradan qaldırmağa, KİV nümayəndələrinə qarşı bütün siyasi motivli cinayət işlərinə son qoymağa, Azərbaycanda söz azadlığını məhdudlaşdıran bütün təzyiq növlərinə son qoymağa çağırır.

2 Mart 2020

Previous Post

Memorial Action at Elmar Huseynov’s Grave

Next Post

ЗАЯВЛЕНИЕ ИСБР : БЕЗНАКАЗАННОСТЬ ЗА УБИЙСТВО ЖУРНАЛИСТА ЭЛЬМАРА ГУСЕЙНОВА ПРОДОЛЖАЕТ УНИЧТОЖАТЬ СВОБОДУ СЛОВА В АЗЕРБАЙДЖАНЕ

Start typing to see you are looking for.