Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu tanınmış anti-korrupsiya eksperti Qubad İbadoğlunun özbaşına və siyasi motivli həbsinə görə Azərbaycan hakimiyyətini qınayır və onun dərhal azadlığa buraxılmasına çağırır
Kleptokratiya və qohumbazlığın qızğın tənqidçisi, son iki ildə dəvətli professor kimi dərs dediyi Böyük Britaniyanın London İqtisadiyyat Məktəbindən qayıdandan üç həftə sonra, iyulun 23-də Azərbaycanın paytaxtı Bakıda həbs edilib.
İbadoğlu 2020-ci ilin may ayında BİZ TV Youtube kanalını yaradaraq orada digər ekspertlərlə birlikdə gündəlik olaraq Azərbaycanın sosial-iqtisadi problemlərini ifşa edən, səmərəsiz dövlət idarəçiliyi ilə bağlı problemləri pisləyən verilişlər yayımlayıb.
İbadoğlu 2018-ci ildən “Turan” müstəqil informasiya agentliyinin eksperti olub və burada hər ay Azərbaycan iqtisadiyyatındakı problemlərə dair analitik rəylər yazıb.
O, həm də müxalif “Azərbaycan Demokratiya və Rifah Partiyası”nın həmtəsisçisi və lideri olub.
İbadoğlu Azərbaycana qayıtmazdan bir müddət əvvəl mübarizə yoldaşları ilə birlikdə Londonda Azərbaycan gənclərinə dəstək fondu yaradıb, bu fond korrupsiya yolu ilə oğurlanmış aktivlərin qaytarılması və onların Azərbaycan gənclərinin sırasından gələcək peşəkar kadrların hazırlanması üzrə vətəndaş təşəbbüsünə dəstək üçün yönəldilməsi ilə məşğul olmalı idi.
“Əminəm ki, siyasi elita tərəfindən oğurlanmış və Qərbdə yerləşən aktivlərin geri qaytarılmasına dair bu yeni antikorrupsiya təşəbbüsü onun siyasi motivli təqibinin əsas səbəbi oldu”, – RATİ-nin icraçı direktoru Emin Hüseynov bildirib.
“2015-ci ildə faktiki olaraq xaricdə, əvvəl ABŞ-da, sonra isə Böyük Britaniyada yaşayan və işləyən Qubad İbadoğlu bütün bu illər ərzində Danske Bank vasitəsilə bir neçə milyard avronun qanunsuz olaraq xarici ofşorlara çıxarılmasına, Qərbdə daşınan və daşınmaz əmlak almaq üçün yuyulan qeyri-qanuni gəlirlərdən istifadə etməsinə, habelə öz maraqlarını təmin etmək üçün siyasətçilərə rüşvət verməsinə, Azərbaycanın nəqliyyat, sənaye və enerji infrastrukturu üçün çoxmilyardlı dövlət satınalmalarında korrupsiya sxemlərinə və Azərbaycanın hasilat sənayesində şəffaflığın olmamasına görə Azərbaycan rəhbərliyini daim tənqid edib. İbadoğlu dövlət vəsaiti hesabına “Boeing” və “Airbus” korporasiyalarından bahalı təyyarələr alarkən 1 milyard dollardan çox vəsaitin əsassız israf edilməsinə görə şəxsən Azərbaycan prezidentini dəfələrlə tənqid edib, bu təyyarələr Prezident İlham Əliyevin və onun xanımı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın maraqlarına xidmət etmək üçün istifadə olunur.
İlham Əliyev ad çəkmədən İbadoğlu barədə tənqidi çıxış edərək onu psevdoekspert adlandırıb və sərt ifadələr işlətməkdən çəkinmədən gec-tez belə təxribatçı-tənqidçiləri Azərbaycana gətirərək cəzalandıracağını deyib. Həbs şəraitini nəzərə alsaq, Əliyevin verdiyi vədləri yerinə yetirdiyini söyləmək olar”, – deyə Hüseynov fikrini tamamlayıb.
Saxlanmanın əsassız zorakılıq və qeyri-insani rəftarla müşayiət olunan kobud şəraiti, mütəşəkkil dəstənin tərkibində saxta xarici valyutanın satılması ilə bağlı absurd ittihamları, çoxsaylı prosessual pozuntularla aparılan istintaq-əməliyyat tədbirlərini, həmçinin İbadoğlunun türkiyəli din xadimi Fətullah Gülənlə (ABŞ-da mühacirətdə yaşayır) “əlaqələri” ilə bağlı hökumətyönlü mediada aparılan məqsədyönlü təbliğat və məlumatlandırma kampaniyasının başladığını nəzərə alaraq, RATİ ilkin olaraq Qubadoğlunun həbsinin tamamilə uydurma və siyasi motivli olması ilə bağlı qəti qənaətə gəlib, bu həbsin yeganə məqsədi siyasi repressiya və hazırkı prezident Əliyevin parlaq ifşaçısının təcrid olunmasıdır.
RATİ hesab edir ki, Azərbaycan hakimiyyəti Qubad İbadoğluna qarşı qanunsuz hərəkətləri ilə Avropa İnsan Haqları Konvensiyasını kobud şəkildə pozub.
Bununla əlaqədar olaraq, Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçi, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçi, Avropa Şurası Parlament Assambleyasının prezidenti Toni Koksu, Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Liddell-Qreynqer və Liz Kristoferseni, AŞPA Hüquq Məsələləri Komitəsinin məruzəçisi Hanna Bardeli hakimiyyətin özbaşına repressiv hərəkətlərini pisləməyə və onlardan onun dərhal azadlığa buraxılmasını tələb etməyə çağırır.