Riçard Kozlariç: “ABŞ-ın Rüstəmlinin həbsində günahkar olanlara sanksiyalar tətbiq etməsinin vaxtıdır”

November 25th, 2021

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Tvitter hesabında siyasi məhbus, 20 gündür ki, həbsxanada aclıq edən Saleh Rüstəmlinin müdafiəsinə qalxıb.

“Bakı rejimi öz vətəndaşlarının hüquqlarını pozur və cəzasızlıq mühiti ilə hərəkət edir. ABŞ-ın Rüstəmovun həbsində və saxlanmasında günahkar olanlara sanksiya tətbiq etməsinin vaxtı çatıb. Vaşinqtonun alətləri var. Onlardan istifadə etməlidir”, – səfir qeyd edib.

Rüstəmlinin aclıq etməsinin səbəbi icrasına başlanılan amnistiya aktına düşməməsi, qanunsuz olaraq üç ilədək həbsdə saxlanılması və ailəsinin mülkünün müsadirə edilməsidir.

Vəkil Bəhruz Bayramov onun vəziyyətinin kritik olduğunu deyib. Hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti fəallarının, jurnalistlərin Rüstəmlini azad etmək çağırışı ilə hakimiyyətə çoxsaylı müraciətlərinə baxmayaraq, heç bir reaksiya yoxdur.

Penitensiar Xidmət Rüstəmlinin vəziyyətini şərh etmir. Öz növbəsində Ombudsman Aparatının mətbuat xidmətindən Turan-ın müxbirinə bildiriblər ki, Rüstəmlinin işi bu qurumun diqqət mərkəzindədir.

Ombudsmanın nümayəndələri müntəzəm olaraq Rüstəmliyə baş çəkiblər, Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Emil Şahzadə bildirib. Ombudsmanın nümayəndəsi hazırda onun vəziyyəti barədə suala cavab cavab verməyib. Onun sözlərinə görə, Saleh Rüstəmli müalicə müəssisəsində həkim müşahidəsi altındadır və onun vəziyyəti barədə məlumatı həmin həkimlər verə bilər, Şahzadə deyib.