“Təqsirkarlar tapılsın və cəzalandırılsın” – Azərbaycan rəhbərliyinə müraciət

Bir qrup jurnalist və redaktor jurnalist Aytən Məmmədovaya edilən hücumla bağlı Azərbaycan prezidenti İlham Əliyevə və güc qurumlarının rəhbərlərinə açıq müraciət ünvanlayıb.

“Biz, jurnalistlər və vətəndaş cəmiyyətinin nümayəndələri hər bir vətəndaşın təhlükəsizliyini təmin etməli olan ölkə başçısından, eləcə də hüquq-mühafizə orqanlarından tələb edirik ki, Aytən Məmmədovaya qarşı törədilən bu cinayət əməli düzgün araşdırılsın və işin arxasında dayanmış şəxslər tapılıb cəzalandırılsın”, deyə  müraciətdə deyilir.

Onlar qeyd edirlər ki, Azərbaycan üzvü olduğu beynəlxalq təşkilatlar və beynəlxalq hüquq qarşısında öhdəliklər götürüb.

“İnsan hüquları və ifadə azadlığı ilə bağlı təzyiqlər bu öhdəlikləri kobud surətdə pozur.

Halbuki, hüquq tələb edir ki, heç bir jurnalist peşə fəaliyyətinə görə təzyiq və təhdidə məruz qalmamalıdır.

Aytən Məmmədova son aylar əsasən “Nərmin işi” kimi tanınan, azyaşlının ölümü ilə bağlı keçirilən bu iş üzrə təqsirləndirilən İlkin Süleymanovun məhkəmə proseslərini obyektiv şəkildə işıqlandırır. Güman edirik ki, o, məhz bu işə görə təhdidlərlə üzləşib.

Prezident İlham Əliyev Nərmin Quliyevanın ölümü ilə bağlı işi nəzarətə götürdüyünü söyləmişdi. Hesab edirik ki, prezidentin nəzarətində olan bu məsələnin detallarında jurnalistə təzyiqin motivlərini tapmaq mümkündür.

Bir daha vurğulayırıq ki, jurnalist Aytən Məmmədovaya edilən hücum, söz və mətbuat azadlığına edilən hücumdur. Onun boğazına dirənən bıçaq bütün jurnalistlərin boğazına dirənən bıçaqdır. Bu səbəbdən ölkə başçısından və hüquq mühafizə orqanlarından tələb edirik ki, bütün jurnalistlərin təhlükəsizliyi və güvənli olaraq öz peşə fəaliyyətlərini yerinə yetirə bilmələri üçün cinayətkar və bu cinayətin arxasında dayanan şəxslər tez bir zamanda tapılaraq cəzalandırılsın”, deyə müraciətdə qeyd edilir.

Müraciəti jurnalistlər Şəmşad Ağa, Kamran Mahmudov, Aygün Elgünəş, Mehman Əliyev, fəallar Rüfət Səfərov, Zaur Əkbər, Bəxtiyar Hacıyev, Zəfər Əhmədov imzalayıblar.

Müraciət imzalanmaq üçün açıqdır.

 Müraciət İlham Əliyevlə yanaşı DİN başçısı Vilayət Eyvazova, DTX rəisi Əli Nağıyevə, baş prokuror Kamran Əliyevə ünvanlanıb.

Frilanser jurnalist Aytən Məmmədova mayın 8-də axşam yaşadığı evin liftində hücuma məruz qalıb. Naməlum şəxs onun boğazına bıçaq dirəyib, qızının ünvanına təhqir səsləndirib və Məmmədovaya artıq xəbərdarlıq edildiyini bildirib.

Məmmədova 20 gün əvvəl telefonla təhdid edildiyini, Tovuz rayonunda azyaşlı qızın qətli haqqında iş üzrə məhkəmə prosesi haqqında nəşrləri dayandırmasının tələb edildiyini bildirib.

Previous Post

PACE co-rapporteur condemns attack on Ayten Mammadova

Next Post

“Find and punish the perpetrators” – petition to Azerbaijani leadership

Start typing to see posts you are looking for.