
Onlayn İfadə koalisiyası Azərbaycan hökumətinin internetə nəzarəti ələ keçirmək planlarından ciddi narahatlıq hissi keçirir, hökuməti ifadə və internet azadlığına başlanmış hücumlara dərhal son qoymağa çağırır. Narahatlığa səbəb hökumətə yaxın olan Mətbuat Şurasına internetə nəzarət etmə səlahiyyətinin verilməsidir. Xatırladaq ki, Mətbuat Şurası ənənəvi media vasitələrində peşə etikası və standartları ilə bağlı məsələlərə nəzarət edən qurumdur.
Belə ki, fevralın 14-də Azərbaycan Mətbuat Şurasında xəbər saytları və portallarla bağlı komissiya yaradılıb və bu komissiya onlayn mediadan gələn şikayətləri araşdıracaq, internet səhifələrinə haker hücumlarını və onlayn media ilə bağlı məsələləri araşdıracaq.
Azərbaycanın ifadə azadlığını müdafiə təşkilatlarının birliyi olan Onlayn İfadə koalisiyası hökumətin internetə nəzarəti və senzuranı ələ keçirmək səylərini gücləndirməsindən narahatlığını ifadə edir.
Yüksək vəzifəli məmurların son çıxışları internetə nəzarət edən, həmçinin internet televiziyalarının lisenziyalaşdırılmasını nəzərdə tutan yeni hüquqi mexanizmlərin yaxınlarda tətbiq olunacağından xəbər verir. Belə ki, yanvarın 10-da MTRŞ sədri Nuşirəvan Məhərrəmli açıqlamasında bildirmişdi ki, ənənəvi televiziya kanallarında olduğu kimi internet televiziyalarını da lisenziyalaşdırmaq lazımdır.
Bu tip narahatlıq doğuran çıxışlar onu göstərir ki, hökumət ənənəvi teleradio kanalları tərəfindən yayımlanmayan və hakimiyyətin mövqeyinə uyğun olmayan fikirlərin, habelə xəbərlərin onlayn medialar tərəfindən yayımlanmasının qarşısını almaq məqsədi güdür.
“Biz bilirdik ki, BMT-nin Beynəlxalq Telekommunikasiya Birliyinin keçən ilin dekabrında baş tutmuş görüşündə bu qurum vasitəsilə internetin tənzimlənməsinə nail olmağa çalışan Azərbaycan hökuməti bundan sonra da boş dayanmayacaq. Həmin görüşdə baş verənlər internetə nəzarət və senzuranın əldə olunması istiqamətində atılmış ilk addım idi” deyə Onlayn İfadə koalisiyasının üzvü Emin Hüseynov bildirib.
Onlayn İfadə koalisiyası bəyan edir ki, Mətbuat Şurası tənqidi fikirləri ilə tanınan qəzetləri “reket” elan edərək qara siyahıya salıb, onların fəaliyyətini məhdudlaşdırıb. Bu səbəbdən də Onlayn İfadə koalisiyası Mətbuat Şurası nəzdində internetə nəzarət qurumunun yaradılmasını onlayn medianın sıradan çıxarılmasına hesablanmış bir addım kimi qiymətləndirir.
RATİ hökuməti online medianı nəzarətdə saxlamaq istəyindən əl çəkməyə, yaradılmış komissiyanı ləğv etməyə, ifadə və internet azadlığını təmin etməyə çağırır.
Onlayn İfadə koalisiyası Azərbaycan hökumətini internetlə bağlı siyasətini beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğunlaşdırmağa, internetin ictimai müzakirələr və ifadə azadlığı üçün açıq bir forum kimi qalmasını təmin etməyə çağırır.
Onlayn İfadə koalisiyası hesab edir ki, hazırda hər bir Azərbaycanlının internet azadlığını təmin etmək üçün müvafiq sahəvi, institutsional və peşəkar şəraiti yarada biləcək güclü bir internet azadlığı strategiyasına ehtiyac vardır. Koalisiya ölkədə internet azadlığı ilə bağlı problemlərin həlli və bu azadlığın daha da inkişaf etdirilməsi üçün çoxtərəfli strategiyanın hazırlanması üzrə hökumətlə müzakirələr aparmağa hazırdır.
2012-ci ilin oktyabrında Onlayn İfadə koalisiyası Azərbaycanda internet azadlığının yaxşılaşdırılması məqsədi ilə hökumətə müvafiq tövsiyələr paketi təqdim etmişdir. Onlayn İfadə koalisiyası Azərbaycan hakimiyyətini bu tövsiyələrə ciddi yanaşmağa və internet azadlığının inkişafı proqramını həyata keçirərkən bu tövsiyələrdən bəhrələnməyə çağırır.
Qeyd:
Onlayn İfadə koalisiyası Azərbaycanın ifadə azadlığını müdafiə təşkilatları olan İnsan Hüquqları Klubu, Azərbaycan Media Mərkəzi və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) birliyidir. Kampaniyanın məqsədi qabaqcıl təcrübə yaratmaqla Azərbaycanda internet azadlığı və internetə çatımlılığın inkişafı məqsədilə ictimai dialoqu gücləndirməkdir.
Onlayn İfadə koalisiyasının dərc etdiyi son nəşr “Azadlıq axtarışında: Azərbaycanda onlayn ifadə” adlı hesabatdır, hesabatla aşağıdakı linkdə tanış ola bilərsiniz: http://bit.ly/XCMJJd
Onlayn İfadə koalisiyası haqqında əlavə məlumatı www.expressiononline.net saytından əldə edə bilərsiniz