Bu gün (30 dekabr) Binəqədi rayon Məhkəməsində hakim Maarif Kazımovun sədrliyi ilə “Ədalət” Partiyasının sədri, Azərbaycan Milli Məclisin üzvü (millət vəkili) İlyas İsmayılovun Cinayət Məcəlləsinin (CM) 147 və 148-ci (təhqir, böhtan) maddələri ilə xüsusi ittiham qaydasında “Nota ” qəzetinin baş məsləhətçisi Fərəməz Allahverdiyev (Novruzoğlu) və “24 saat ” qəzetinin baş redaktoru İlham Tumasa (Ağayev) qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.
Prosesdə çıxış edən F. Allahverdiyev hesab etdi ki, ona qarşı iddia siyasi sifarişlə qaldırılıb və bu iddianın icraata qəbul edilməsi də qanunsuzdur: “Əvvəla bu məqalənin mənim tərəfimdən yazılmasını sübut edəcək heç bir fakt yoxdur. Bundan əlavə “Kütləvi informasiya vasitələri haqqında” qanunun 44-cü maddəsinə görə, hər bir şəxs şərəf və ləyaqətinin təhqir edildiyini hesab etdiyi məqalənin yayıldığı KİV-də həmin yazıya bir ay müddətində cavab verə, məlumatın təkzibini tələb edə və yaxud birbaşa məhkəməyə müraciət edə bilər. Amma İlyas İsmayılov 28.05.2008-ci il tarixində “24 saat” qəzetində dərc olunan yazı ilə əlaqədar məhkəməyə 16.10.2008-ci il tarixində müraciət edib. Buraxılmış müddətin bərpa edilməsi ilə bağlı da heç bir məhkəmə qərarı olmadığı halda bu iddianın icraata qəbul edilməsi yolverilməzdir”.
Hakim M. Kazımov isə iddiaya səbəb olmuş məqalənin F. Allahverdiyevə məxsus olub-olmadığını müəyyənləşdirmək üçün yazının ekspertizaya göndəriləcəyini bildirdi və bu səbəbdən məhkəmə prosesini qeyri-müəyyən müddətə təxirə saldı.
Xatırladaq ki, iddiaya səbəb “24 saat ” qəzetinin 28 may 2008-ci il tarixli sayında “Rusiya İlyas İsmayılovun üstündən xətt çəkib ” (Məqalədə İsmayılov separatçılarla əlaqəli olmaqda və Rusiyanın sifarişi ilə fəaliyyət göstərən siyasətçi olmaqda ittiham edilib) başlıqlı məqaləsi olub. İ. İsmayılov jurnalistin həbs edilməsini tələb edir.