EYNULLA FƏTULLAYEVİN CİNAYƏT İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI APRELİN 9-DA KEÇİRİLƏCƏK

“Gündəlik Bakı” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə qarşı qaldırılan narkotik ittihamı ilə bağlı iş üzrə məhkəmə hazırlıq iclası aprelin 9-a təyin olunub.

Baş redaktorun vəkili Elçin Sadıqov  bu gün (01 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, iş hakim İsmayıl Xəlilovun icraatına verilib. “Məhkəmədə çalışacağıq ki,  E. Fətullayevə qarşı irəli sürülən ittihamların əsassız olduğunu sübut edək. Bundan başqa bir sıra vəsatətlərimizin  olacağı da istisna deyil” – deyə Elçin Sadıqov bildirdi.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.
29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

İCTİMAİ BİRLİK SƏDRİNİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ İLKİN BAXIŞ İCLASI KEÇİRİLİB

Next Post

ANDRES HERKEL VƏ YAN KELLİ HƏBSDƏ OLAN JURNALİSTLƏRLƏ BAĞLI AÇIQLAMA VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.