“Jurnalistlərə təzyiq göstərilməməlidir, onlar təhdid edilməməli, döyülməməli və həbs olunmamalıdırlar. Jurnalistlərə hədə-qorxu gələn mesajlar gəlməməlidir”.
Bunu bu gün (1 may) ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi “Amerika Mərkəzində” seçkilərin demokratik keçirilməsi və ABŞ-ın seçkilərə yardımı mövzusunda keçirdiyi mətbuat konfransında dedi. Jurnalistlərə qarşı olan cinayətlərin hər tərəfli araşdırılmasını vacib hesab edən səfirə görə Azərbaycanda medianın inkişafına da şərait yaradılmalıdır:
“Azərbaycanda mətbuatda heç bir problemin olmaması fikri ilə razılaşmırıq. Biz mövcud problemlərin tez bir zamanda həll olunmasını istəyirik. Jurnalistlər üçün treninqlər keçirmək və onların inkişafına kömək etməliyik”, – deyə ABŞ-ın Azərbaycandakı səfiri vurğuladı.