Əli Əliyev öz məhkəməsində iştirak etməkdən imtina edib

Bu gün Bakı Apellyasiya Məhkəməsində (BAS) Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyüşovun iddiası əsasında azadlıqdan məhrum edilməsi haqqında hökmdən verdiyi şikayət üzrə hazırlıq iclası keçirilib.

Əliyevin vəkilləri cinayət təqibinə xitam verilməsi və onun azad edilməsi haqqında vəsatət qaldırıblar. Əliyev özü məhkəməyə müraciət edərək, prosesdə iştirak etməkdən imtina etdiyini bildirib. 

“O deyib ki, prosesdə iştirak etməkdə məna görmür, çünki təqsirsiz olmasına baxmayaraq, məhkəmələrin qeyri-obyektivliyi və siyasi sifarişi yerinə yetirmələri səbəbindən bunu sübut edə bilmir”, deyə prosesdə iştirak edən hüquq müdafiəçisi Rüfət Səfərov bildirib.

Məhkəmə Əliyevin ərizəsini təmin edib və onu növbəti iclaslarda iştirak etməkdən azad edib. Bununla belə, məhkəmə vəkillərin cinayət icraatına xitam verilməsi haqqında vəsatətini təmin etməyib və mahiyyəti üzrə dinləmələri avqustun 16-na təyin edib.

“Əli Əliyev barəsində hökmlər siyasi xarakter daşıyır. O, hakimiyyəti və şəxsən dövlət başçısını tənqid etdiyinə görə təqib olunur. Məhkəmə təhqiqatları isə formallıqdır. Əli Əliyev ifadə azadlığına görə əziyyət çəkib. Hakimiyyət son vaxtlar söz azadlığı uğrunda mübarizə aparanlara qarşı repressiyaları gücləndirib”, Rüfət Səfərov belə hesab edir.

* Əli Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı ilə (CM-in 147.1-ci maddəsi) 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Aprelin 15-də məhkəmə DSX-nin digər zabiti Ramin Ədilovun Əliyevə qarşı şikayətini də təmin edərək, cəza müddətini bir ay uzadıb.

İddialara Əli Əliyevin 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 helikopterinin qəzaya uğraması nəticəsində adı çəkilən zabitlərin sağ qalmasının qeyri-mümkün olması və helikopterin Rusiya tərəfindən vurulması ehtimalı barədə mətbuata açıqlaması səbəb olub. Ötən ilin noyabrında Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində bu qurumun 14 zabiti həlak olub, ikisi isə sağ qalıb.

Əli Əliyev hər iki hökmü rədd edərək, həbsini “ölkə rəhbərliyinin siyasi sifarişi” adlandırıb.

İyunun 23-də Yasamal rayon məhkəməsi hakim Yeni Azərbaycan partiyasının keçmiş funksioneri Ramiz Göyüşovun şikayətini təmin edərək, Əliyevin həbs müddətini 1 ilə qədər artırıb. Əli Əliyev 2021-ci ilin sentyabrında Bumeranq TV-yə videomüsahibəsində Göyüşovu “dovşan”, “hərif” və “masturbant” adlandırdıqdan sonra Göyüşov məhkəməyə müraciət edib.

Bu ifadələrə 2021-ci ilin sentyabrında internetdə yayılan Göyüşovun pornoqrafik çarx izlədiyini əks etdirən kadrlar səbəb olub. Bu kadrları yayan jurnalist həbs olunub, Göyüşov isə partiyadan çıxarılıb.

** Hüquq müdafiəçiləri Əliyevi siyasi məhbus kimi tanıyıblar.

Previous Post

Ali Aliyev refused to participate in his trial

Next Post

Samir Ashurov’s criminal case sent to court

Start typing to see posts you are looking for.