ƏVƏZ ZEYNALLININ İŞİ İLƏ BAĞLI AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT EDİLİB

Avqustun 14-də “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının qanunsuz həbs olunması, haqqında seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması, telefon danışıqlarının dinlənilməsi, evində və  avtomobilində axtarışın aparılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilib.

Bu barədə bu gün (24 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil E. Sadıqovun sözlərinə görə, keçən həftə baş redaktorla görüşüb və bu barədə onunla müzakirələr aparılıb: “Biz məhkəməyə məktubla müraciət də edərək xahiş etmişik ki, Zeynallı həbsdə olduğuna, siyasi məhbus olduğuna, eləcə də işin özü siyasi xarakterli  olduğuna görə bu işə tez və proitet qaydada baxılsın”.

 Bundan başqa Bakı Ağır Cinayətlər məhkəməsi  qərəzli və sifarişli olaraq Vəkillər Kollegiyasına (VK) haqqında müraciət göndərib. Müraciətə səbəb məhkəmə prosesi zamanı E.Sadıqovun müştərisi Ə.Zeynallının tələbi ilə prosesi tərk etməsi səbəb olub.

“Vəkillər Kollegiyası  da əsassız olaraq barəmdə intizam icraatı başlayıb. Ümumiyyətlə, məhkəmənin Vəkillər Kollegiyasına məktubla müraciət etmək səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmayıb. Məhkəmə ya təqdimat, ya da hansısa bir izahat göndərə bilərdi. Ancaq belə bir məktubun göndərilməsi siyasi sifarişin nəticəsidir. Mən kollegiyada da bu barədə qeyd eləmişəm ki, Əvəz Zeynallının tələbinə əsasən mən məhkəmə zalını tərk etmişdim”,  – deyə vəkil qeyd edib.

Xatırladaq ki, Əvəz Zeynallı 10 aydır Bakı İstintaq Təcridxanasında saxlanılır. O, Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

 

 

Previous Post

YENİ MÜXALİFƏT ALYANSI YARANIR

Next Post

TI KTO TAKOY DAVAY, DO SVİDANİYA VİDEOÇARXININ MÜƏLLİFİNİN MÜDAFİƏSİ GÜCLƏNİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.