Azərbaycanda jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlıqla bağlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bəyanatı

banerhd

Jurnalistlərə qarşı törədilən cinayətlərə görə cəzasızlığa qarşı Beynəlxalq Gündə, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanda jurnalistlərə və media işçilərinə qarşı cinayət törədənlərin cəzasız qalması mühitini pisləyir.

“Son on ildə Azərbaycanda jurnalistlərin qətli ilə bağlı heç bir cinayət işi ədalətli araşdırılmayıb. Hökumətin bu cəzasızlığa şərait yaratdığı müddətdə jurnalistlərin həyatları və ifadə azadlığı təhlükə altında qalacaq,” deyə RATİ direktoru Emin Hüseynov qeyd edib.

RATİ-nin keçmiş sədri jurnalist Rasim Əliyevin 9 avqust 2015-ci il tarixindəki ölümü Azərbaycanda jurnalistlərə qarşı zorakılığın ən son və ən dəhşətli nümunəsidir. Rasim bir qrup şəxs tərəfindən amansızcasına döyüldükdən bir gün sonra Bakıdakı xəstəxanalardan birində dünyasını dəyişib.

Jurnalistin ölümünü araşdırmaq üçün yaradılmış vətəndaş cəmiyyəti qrupunun apardığı araşdırma qətlin siyasi motivli olduğu qənaətinə gəlməyə tutarlı əsaslar verir.

Avropa Parlamentinin nümayəndə heyəti ilə sentyabrdakı görüşü zamanı prezident İlham Əliyev Rasim Əliyevin qətlinin siyasi motivli olması fikrinə qəti etiraz edərək onun ölümünü “bədbəxt hadisə” adlandırıb.

“Bu birbaşa məni cinayət törətməkdə ittiham etməkdir. Mən bunu yazanları məhkəməyə verə bilərəm,” deyə Prezident Əliyev Avropa Parlamentinin 2015-ci ildə qəbul etdiyi qətnaməni nəzərdə tutaraq bildirib.

“Təəssüf ki, idman xəbərləri yazarı olan jurnalist Rasim Əliyev bədbəxt hadisə nəticəsində həyatını itirib. […] Bunun bizimlə heç bir əlaqəsi yoxdur. O, heç zaman bizi tənqid etməyib və hətta onu heç kim tanımırdı da. Bu hal faktın qəsdən təhrif olunması və məni baş verənlərdə əli olmaqda ittiham etməkdir.”

Əslində isə, sözünü çəkinmədən deyən bir reportyor olan və öz video reportajlarında tez-tez hüquq pozuntularını ifşa edən Rasim Əliyev Azərbaycanın vətəndaş cəmiyyəti və media ictimaiyyəti arasında tanınan bir sima idi və onun ölümü həmkarları və iş yoldaşlarına ağır zərbə oldu.

RATİ prezident Əliyev və onun köməkçilərinə xatırladır ki, Rasim Əliyevə ölümündən əvvəl internetdə yaydığı polis zorakılığını və sosial narazılığı əks etdirən fotolar, məsələn əlində prezident Əliyev və onun hökumətini istefaya çağıran bir plakat daşıyan etiraz aksiyası iştirakçısının şəkli ilə bağlı təhdid mesajları gəlib. Rasim Əliyev “bu fotolara görə cəzalanacaqsan” mətnli təhdid mesajı aldığı barədə məlumat verib. O, sözügedən təhdidi 25 iyul 2015-ci il tarixində ictimailəşdirərək polisə şikayət edib, lakin polis onu qorumaq üçün heç bir tədbir görməyib.

Prezidentin qətlin onun hökuməti ilə “heç bir əlaqəsinin” olmadığını bəyan etməsindən qısa müddət sonra Rasim Əliyevin ölümü ilə bağlı dörd il azadlıqdan məhrum edilmiş Qəbələ FK-nın hücumçusu Cavid Hüseynov cəzasının yalnız kiçik bir hissəsini çəkdikdən sonra azadlığa buraxılıb. Hüseynov dərhal və qeyd-şərtsiz öz futbol klubuna yenidən qəbul olunub.

“Qətldə iştirak bir il həbslə, Qiyas İbrahimovun işində gördüyümüz kimi heykəl üzərində qrafiti çəkmək isə on il həbslə cəzalandırılırsa, deməli, ədliyyə sistemi tamamilə sıradan çıxıb,” deyə RATİ sədri Emin Hüseynov vurğulayıb.

RATİ xatırladır ki, prezident Əliyevin 2003-cü ildə vəzifəyə gəlməsindən bəri Azərbaycanda beş jurnalist – Elmar Hüseynov, Alim Kazımlı, Novruzəli Məmmədov, Rafiq Tağı və Rasim Əliyev qətlə yetirilib. Bu cinayət işlərindən heç biri tam və ədalətli araşdırılmayıb, və cinayətkarların əksəri həbs olunmayıb.

Yazıçı-jurnalist Rafiq Tağı karyerası ərzində dəfələrlə təhdidlərə məruz qalıb. O, 19 noyabr 2011-ci ildə evə gedərkən naməlum şəxs tərəfindən bıçaqlanıb. Cərrahiyə əməliyyatı nəticəsində sağ qalsa da, jurnalist dörd gün sonra 1 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib. Bu ölüm hadisəsi ilə Rasim Əliyevin qətli arasında xeyli oxşarlıq var. Belə ki, hər iki jurnalistə əvvəlcə çoxsaylı təhdidlər edilib, onların hər ikisi məruz qaldıqları hücumdan sağ çıxa bilib və yalnız həkimlərin əlində həyatlarını itiriblər. Rafiq Tağının işi üzrə icraat polisin onun qətlində məsuliyyət daşıyan şəxsləri müəyyən edə bilməməsi səbəbindən dayandırılıb.

2009-cu ilin avqustunda “Talışi Sədo” qəzetinin baş redaktoru və Talış Mədəniyyət Mərkəzinin rəhbəri Novruzəli Məmmədov vətənə xəyanət və nifrəti qızışdırmaq ittihamı ilə məhkum olunduğu 10 il həbs cəzasını çəkərkən həbsdə vəfat edib. Jurnalist həbsdə olarkən dövlət onu lazımi tibbi yardımla təmin etməyib.

2005-ci ilin martında “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov evinin önündə odlu silahla qətlə yetirilib. Azərbaycan hökumətini, xüsusilə də prezident İlham Əliyevi kəskin tənqid edən Elmar Hüseynov qətlə yetirilməmişdən qabaq dəfələrlə ölümlə hədələnib. Hüseynovun amansızcasına qətlə yetirilməsindən on bir il keçsə də, cinayəti törədənlər həbs olunmayıb.

“Yeni Musavat” qəzetinin fotomüxbiri Alim Kazımlı 28 dekabr 2004-cü il tarixində Nərimanov rayon polis şöbəsində şəxsiyyət vəsiqəsi almaq istəyərkən döyülüb, və bu hücumdan dolayı 19 iyun 2005-ci il tarixində beyninə qan sızması nəticəsində vəfat edib. Daxili İşlər Nazirliyi vətəndaşların qəbuluna lazımi şərait yarada bilmədiyinə və Alim Kazımlıyla nəzakətsiz rəftarına görə pasport şöbəsinin rəisi Abil Məmmədova töhmət verib. Lakin bu cinayət də araşdırılmayıb.

“Jurnalistlər demokratiyanın və insan hüquqlarının təşviqində aparıcı rol oynayır. Onların təhlükəsizliyinin qəsdən təmin olunmaması və cinayətkarların məsuliyyətə cəlb edilməsinə istəksizlik beynəlxalq və yerli standartların kobud pozuntusunu təşkil edir. Prezident Əliyev onun on iki illik hakimiyyəti müddətində inkişaf etmiş cəzasızlıq mühitinə görə birbaşa məsuliyyət daşıyır,” deyə Emin Hüseynov bildirib.

Bundan başqa, 2005-2016-ci illər ərzində yüzlərlə jurnalist qanuni peşə fəaliyyətinə görə zorakılıq və şantaja məruz qalıb. Təəssüf ki, bu halların əksəri hüquq mühafizə orqanları tərəfindən ətraflı araşdırılmayıb.

Əslində, ifadə azadlığı hüququndan istifadə etdiyinə görə saxta ittihamlarla həbs edilməkdə davam edən jurnalistlərə qarşı cinayətlərin törədilməsinə görə hakimiyyət özü cavabdehdir. Hazırda, hökuməti tənqid etdiyi üçün altı jurnalist, beş blogger və iki şair həbsdədir.

Jurnalistlərə qarşı törədilən cinayətlərə görə cəzasızlığa qarşı Beynəlxalq Gündə, RATİ Azərbaycan hökumətini:

• Jurnalistlərə qarşı törədilmiş cinayətlərin ədalətli və müfəssəl araşdırılması yolu ilə cəzasızlıq mühitinə son qoymağa və həmin cinayətlərə görə, xüsusilə Elmar Hüseynov (2005), Alim Kazımlı (2005), Novruzəli Məmmədov (2009), Rafiq Tağı (2011) və RATİ-nin keçmiş sədri Rasim Əliyevin (2015) ölümü ilə əlaqədar məsuliyyət daşıyan şəxsləri həbs etməyə;
• Azad fikrini ifadə etdiyi üçün saxta ittihamla həbs olunmuş və hal-hazırda həbsdə olan jurnalistləri, bloggerləri və şairləri dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa;
• Jurnalistlər üçün təhlükəsiz iş şəraiti yaratmağa və onu təmin etməyə çağırır.

Previous Post

Nardaran Trial: Defence Lawyers Present New Evidence

Next Post

Elan!

Start typing to see posts you are looking for.