“DEMOKRATİYA NAMİNƏ OXU” KAMPANİYASI İNSAN HÜQUQLARI SAHƏSİNDƏ DURUMUN PİSLƏŞDİYİNİ BİLDİRİR

 “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi ərəfəsində ölkədə insan hüquqları sahəsində durum nəinki yaxşılaşmır, əksinə, daha da pisləşir.


“Demokratiya naminə oxu” ictimai kampaniyanın iştirakçıları belə hesab edir.
    Son bir ayda Azərbaycanda əmlak hüquqlarının pozulması faktları çoxalıb, taksi sürücülərinin təqibinə başlanıb, hüquq müdafiəçisi Bəxtiyar Məmmədov (hərbiçilərin hüquqlarını müdafiə edən) həbs olunub. Bu barədə Siyasi Azadlıqları Müdafiə Alyansının (SAMA) koordinatoru Anar Məmmədli yanvarın 23-də keçirilən mətbuat konfransında bildirib.
    “Hakimiyyət insan hüquqları müdafiəçilərini “vətənpərvər olmayan insanlar” kimi təqdim etməyə çalışır. Əslində isə biz, “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əleyhinə deyilik. Sadəcə olaraq müsabiqə başlayana qədər bütün siyasi məhbusların azad edilməsini istəyirik”, deyə Məmmədli bildirib.
    Kampaniyanın digər üzvü, Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus ölkədə 63 siyasi məhbus olduğunu xatırladıb və vətəndaş cəmiyyətini onların azad edilməsi tələbi ilə ərizə imzalamağa çağırıb. O dünya KİV-lərinə və beynəlxalq təşkilatlara “Eurovision-2012: bakılıların qanı və göz yaşları” adlı informasiya xarakterli məlumat göndərmək niyyətində olduğunu deyib.
    Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov böyük bir jurnalistlər qrupunun Bakıya səfər edəcəyini xatırladaraq XİN-i onlara viza verməyə çağırıb. Bu zaman o, Skandinaviya ölkələrindən birinin çəkiliş qrupuna viza verilməsindən imtina olunduğunu qeyd edib.
    * “Demokratiya naminə oxu” kampaniyasında hazırda 22 QHT iştirak edir. Onun məqsədi “Eurovision” ərəfəsində insan hüquqları problemlərinin həllinə yardım etməkdir. Kampaniya 6 istiqamətdə fəaliyyət göstərir: siyasi məhbusların azad edilməsi, mülkiyyət hüquqlarının müdafiəsi, ifadə və toplaşmaq azadlığının reallaşması, məhkəmələrin müstəqilliyinin təmin edilməsi və viza verilməsi prosedurunun sadələşdirilməsi.
    Kampaniya iştirakçıları hesab edirlər ki, “Eurovision-2012” demokratik azadlıqlar şəraitində keçirilməlidir. Anar Məmmədli Avropa Yayım Birliyinin müsabiqənin siyasi tədbir olmadığı barədə bəyanatına təəccüb etdiyini deyib. Bildirilib ki, kampaniyanın məqsədlərinə nail olmaq üçün onun üzvləri yaxın günlərdə etiraz aksiyalarına keçmək niyyətindədirlər.

Previous Post

“AYI MƏHKƏMƏSİ” İDDİAÇIYA DÖRD MİN MANAT QAZANDIRDI

Next Post

“İNSAN HÜQUQLARI SAHƏSİNDƏ DURUM PİSLƏŞİB”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.