Qiyas İbrahimov barəsində çıxarılmış hökmlə bağlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bəyanatı

qiyas

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) azərbaycanlı fəal Qiyas İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini kəskin şəkildə pisləyir. Çərşənbə axşamı, Bakı Ağır Cinayətlər Məhkəməsi İbrahimova ağır narkotik ittihamları üzrə hökm oxuyub.

İyirmi iki yaşlı İbrahimov 2016-cı ilin may ayında, həmkarı fəal Bayram Məmmədovla birlikdə ölkənin hazırkı prezidentinin atası mərhum prezident Heydər Əliyevin abidəsi üzərinə “Qul bayramınız mübarək” şüarını yazdıqdan sonra həbs olunub. “Qul bayramınız mübarək” “Gül bayramınız mübarək” sözlərinin söz oyunundan istifadə etməklə dəyişdirilmiş formasıdır. Son illərdə Azərbaycanın hakim rejimi Heydər Əliyevin ad günündə – 10 mayda keçirilən Gül Bayramına milyonlarla büdcə vəsaiti xərcləyib.

Hər iki fəal həmin gün (10 may) axşamdan itkin düşüb. Daxili İşlər Nazirliyi mayın 12-də onların həbsi barədə məlumat yayıb. Fəallar həbsdə olarkən işgəncəyə məruz qalıblar və bu fakt BMT-nin İşgəncələrin Qarşısının Alınması üzrə Alt-komitəsi (SPT) tərəfindən qeydə alınıb.

Həbsin həyata keçirildiyi vaxt və tez-tez istifadə olunan saxta narkotik ittihamlarına əl atılması onu göstərir ki, Qiyas İbrahimov sadəcə yazdığı qrafitiyə görə həbs olunub. “Azərbaycan intellektual bir gəncin hakim rejimi təhqir etdiyinə görə azadlığından məhrum olunduğu diktaturadır,” deyə RATİ direktoru Emin Hüseynov bildirib. “Bu acınacaqlı 10 illik həbs cəzası Azərbaycanda ifadə azadlığı məkanının daraldığının aşkar sübutudur,” deyə Hüseynov vurğulayıb.

Bu ayın əvvəlində Bakı Apelyasiya Məhkəməsi futbolçu Cavid Hüseynovun 4 illik həbs cəzasını 1 il 2 aya endirərək onu azadlığa buraxıb. Cavid Hüseynov jurnalist Rasim Əliyevin ötən il baş vermiş qətli işi üzrə məhkum olunmuş şəxslərdən biri idi.

“Jurnalistin qətlində iştirak etmiş bir şəxsin qalmaqallı şəkildə azad olunmasının ardınca gənc fəal Qiyas İbrahimova saxta narkotik ittihamları ilə 10 il həbs cəzasının verilməsi Azərbaycanda ədalət mühakiməsinin ələ salınmasının bariz nümunəsidir,” deyə RATİ direktoru qeyd edib.
“Bundan başqa, biz qətiyyətlə bildiririk ki, Heydər Əliyevin heykəli üzərinə qrafiti çəkdiyinə görə gənc fəalın 10 il müddətinə azadlıqdan məhrum olunması sifarişi məhkəməyə birbaşa ölkə prezidenti tərəfindən verilib,” deyə Hüseynov sözlərinə əlavə edib.

RATİ vurğulayır ki, hazırda tənqidi fikirlərini ifadə etdiklərinə görə altı jurnalist, beş blogger və iki şair həbsdədir. Onlardan bloggerlər Əbdül Əbilov və Rəşad Ramazanov da saxta narkotik ittihamları üzrə verilmiş uzun müddətli həbs cəzalarını çəkməkdədirlər. Qeyd olunanlarla yanaşı ölkədə onlarla siyasi məhbus da vardır ki, onlardan 2014-cü ildə saxta və siyasi motivli ittihamlarla yeddi il həbs cəzasına məhkum olunmuş və 2014-cü ilin mayında Avropa İnsan Haqları Məhkəməsinin dərhal azadlığa buraxılmasını tələb etdiyi tanınmış siyasətçi İlqar Məmmədovun adını qeyd etmək olar.

Hökumət ifadə azadlığına hörmət etdiyi görüntüsünü yaratsa da, ölkə parlamentinin deputatları tərəfindən internetə nəzarətin gücləndirilməsi təkliflərinin irəli sürməsi, fərqli düşüncəli fəalların həbsi, KİV haqqında qanuna məhdudlaşdırıcı dəyişikliklərin edilməsi və Facebook statuslarına görə müxalifət nümayəndələrinin təhdid olunması Azərbaycanda ifadə azadlığının hakimiyyət tərəfindən getdikcə daha sərt şəkildə boğulmasının ifadəsidir.

RATİ Azərbaycan hökumətini Qiyas İbrahimov daxil olmaqla bütün həbs olunmuş jurnalist, blogger və gənc fəalları dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırır.

RATİ beynəlxalq ictimaiyyəti Azərbaycanın beynəlxalq öhdəliklərinin kobud pozuntusunu təşkil edən ciddi hüquq pozuntularına, o cümlədən ifadə azadlığının pozulması hallarına sərt təpki göstərməyə çağırır.

Eyni zamanda, RATİ beynəlxalq donorları, o cümlədən Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankını siyasi məhbusların hökumət tərəfindən azad olunmadığı və vətəndaş cəmiyyətinə qarşı basqılara son qoyan real islahatların həyata keçirilmədiyi müddətdə Azərbaycanda heç bir təşəbbüsü dəstəkləməməyə çağırır.

Previous Post

Reportyorların Azadlıq və Təhlükəsizik İnstitutunun Azərbaycanda Konstitusiya Referendumunun Nəticələri Barədə Bəyanatı

Next Post

Nardaran Trial: Defence Lawyers Present New Evidence

Start typing to see posts you are looking for.