Hüquq müdafiə təşkilatı Niyaməddin Əhmədov barəsində hökmü pisləyib

Siyasi Məhbuslar Monitorinq Mərkəzi Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Niyaməddin Əhmədov barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılmasını pisləyib.

Hüquq müdafiə təşkilatı xatırladır ki, Əhmədov 16 aprel 2020-ci il tarixində saxlanılıb və karantin rejimini pozma və polisə tabe olmama ittihamı ilə 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Bu cəzanı çəkdiyi müddətdə, Əhmədovun sözlərinə görə, o, Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıb və işgəncələrə məruz qalıb.

Sonradan ona qarşı kifayət qədər şübhəli “terrorçuluğu maliyyələşdirmə” ittihamı irəli sürülüb.

“İttiham Əhmədovun guya Almaniyada yaşayan Qabil Məmmədovdan terror aktı hazırlamaq üçün vəsait aldığına əsaslanırdı. Amma Məmmədov Azərbaycandan olan siyasi mühacirlər arasında təxribatçı kimi tanınır.

Məhkəmədə Əhmədovun təqsirinin heç bir gerçək dəlili təqdim edilməyib. Məhkəmə ədalətli olmayıb. Vəkillərin vəsatətləri təxirə salınıb, məhkəmə zalına giriş məhdudlaşdırılıb, videoçəkiliş və səs yazmaq qadağan edilib. Bütün bunlar prosesin sifarişli, siyasi motivli olduğunu göstərir”, deyə Siyasi Məhbuslar Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov bildirib.

Təşkilat Əhmədovun işində Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının bir sıra maddələrinin, o cümlədən 3-cü (“İşgəncələrin qadağan edilməsi”), 6-cı (“Ədalətli məhkəmə təhqiqatı hüququ”) və 13-cü (“Səmərəli hüquqi müdafiə vasitələri ilə təmin olunma hüququ) maddələrin pozulduğu qənaətinə gəlib.

“Biz, keçmiş siyasi məhbuslar, məhkəmənin hökmünü qanunsuz, siyasi motivli hesab edirik və müstəqil araşdırma aparılmasını və Niyaməddin Əhmədovun azad edilməsini tələb edirik”, deyə bəyanatda bildirilir.

Siyasi Məhbuslar Monitorinq Mərkəzi 2014-cü ilin oktyabrında Elşən Həsənovun rəhbərliyi ilə bir qrup keçmiş “vicdan məhbusu” tərəfindən təsis edilib.

Previous Post

Convicted PFPA activist Niyameddin Ahmedov continues hunger strike

Next Post

Human rights structure condemned the verdict of Niyameddin Ahmedov

Start typing to see posts you are looking for.