Polis vəkilin şikayəti əsasında istintaqa başlayıb

sentyabr 2nd, 2021

Sentyabrın 2-də vəkil Elçin Sadıqov Yasamal Rayon Polis İdarəsinin 27–ci bölməsində general Rövşən Əkbərovun oğlu Telman Əkbərovun ona hücumu ilə bağlı ifadə verib.

İnsident Bakı Hərbi Məhkəməsinin binasında baş verib, bu barədə Turan-a vəkil bildirib. “Məhkəmə zalında şahidlərə suallar verdim. Bu, Rövşən Əkbərovu qıcıqlanddırdı. Daha sonra məhkəmənin inzibati binasının ikinci mərtəbəsində onun oğlu Telman Əkbərov mənim önümü kəsdi. O, məni sağ ayağı ilə vurmağa və yumruq zərbəsi endirməyə çalışdı. Bu məqamda aramıza girən adam onun mənə zərbə endirməsinə imkan vermədi”, – Sadıqov bildirib.

İnsidentlə əlaqədar vəkil Azərbaycan prezidentinə, baş prokurora, Daxili İşlər Nazirliyi və Vəkillər Kollegiyasına müraciət edib.  ” Daxili İşlər Nazirliyinin reaksiyası oldu. Mən bu gün yazılı ifadə verdim, istintaq aparılır. Güman edirəm ki, iş ədalətli araşdırılacaq və həmin şəxs cəzalandırılacaq”, – vəkil qeyd edib.

“Təhlükə qalır, çünki aramızda duran adam olmasaydı, Telman Əkbərov mənə fiziki xəsarət yetirəcəkdi. Hakimiyyət vəkilin peşəkar fəaliyyətinə şərait yaratmalıdır”, – Sadıqov deyib. bildirib.

O, ölümündə Rövşən Əkbərovun günahlandırıldığı Elçin Əliyevin atası Faday Əliyevin  maraqlarını təmsil edir.

* 2001-ci il mayın 31-dən  iyunun 1-nə keçən gecə Kiyevdə biznesmen Elçin Əliyev bıçaqla qətlə yetirilib. Şahidlərdən biri və mərhumun anası birbaşa qatilin Rövşən Əkbərov olduğunu bildiriblər.

O zaman bu hadisə ört-basdır edilib. Ola bilsin ki, 1994-cü və 1995-ci illərdə Bakıda və Gəncədə hökumət əleyhinə çıxışların qarşısının alınmasında Əkbərovun xidmətlərini nəzərə alıblar və buna görə də ona Milli Qəhrəman adı veriblər.

** 55 yaşlı Rövşən Əkbərov ordu korpusunun komandanı olub, Birinci Qarabağ Müharibəsində iştirak edib.

O, ötənilki 44 günlük müharibədən uzaqlaşdırılıb. Şayiələrə görə, general bundan çox narazı qalıb və hakimiyyətdən izahat tələb edib.

By TURAN