Siyasi məhbusların ailə üzvləri Birləşmiş Millətlər Təşkilatının ofisi qarşısında etiraz aksiyası keçiriblər

İyunun 17-də siyasi məhbusların ailə üzvləri Birləşmiş Millətlər Təşkilatının Bakı nümayəndəliyinin qarşısında aksiya keçiriblər. Onlar bütün siyasi məhbusların azad edilməsini və vətəndaşların siyasi motivlərlə təqib olunmasına son qoyulmasını tələb ediblər.

“Biz buraya gəldik ki, Birləşmiş Millətlər Təşkilatına, həmçinin xarici dövlətlərin səfirliklərinə xatırladaq ki, Azərbaycan həbsxanalarında 100 siyasi məhbus saxlanılır. Onlar öz jurnalist işinə, yaxud siyasi baxışlarına, sosial şəbəkələrdə tənqidi yazılarına görə həbs olunublar”, – Polad Aslanovun xanımı Gülmirə Aslanova bildirib.

Onun sözlərinə görə, siyasi məhbuslara həbsxanalarda da təzyiqlər davam edir. Xüsusən Polad Aslanova təzyiq edirdilər ki, o, əfv üçün ərizə yazsın. İmtina etdikdən sonra təzyiq göstərməyə başladılar.

Almaniyadan deportasiya olunduqdan sonra həbs edilmiş Samir Aşurovun xanımı Nuranə Aşurova da həyat yoldaşının böhtan ittihamı ilə həbs edildiyini bildirib.

“Həyat yoldaşımı siyasi baxışlarına görə həbs ediblər. Ona qarşı cinayət işini saxtalaşdırıblar və ciddi sağlıq problemlərinə – şəkərli diabet, ürək xəstəliyinə baxmayaraq, həbsdə saxlayırlar.  Qapalı məkanda saxlanması onun həyatı üçün təhlükəlidir”, – Aşurova bildirib.

Almaniyadan deportasiya edildikdən sonra həbs olunmuş Pünhan Kərimlinin atası Vahid Kərimov da oğlunun həbsindən hiddətlənib.

“Onu tamamilə əsassız və qanunsuz həbs etdikləri azmış kimi, həm də işgəncələrə məruz qoyublar. Beş nəfər Almaniyadan deportasiya edildikdən sonra qanunsuz, siyasi motivlərlə həbs olunub. Beynəlxalq təşkilatlar buna laqeyd qalmamalıdırlar”, – Vahid Kərimov deyib.

Aksiya polisin müdaxiləsi olmadan keçirilib.

Previous Post

Family members of political prisoners held a protest in front of the UN office

Next Post

Court did not satisfy journalist’s complaint against prosecutor’s office

Start typing to see posts you are looking for.