Anar Məmmədli yoxlamanın nəticəsi ilə razı deyil

anar

Bakı İstintaq Təcridxanasında saxlanan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlini başçılıq etdiyi qurumun maliyyə fəaliyyəti ilə bağlı aparılmış yoxlamanın nəticələrinə dair aktla tanış ediblər. Bu barədə bu gün (25 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) hüquq müdafiəçinin vəkili Fariz Namazlı məlumat verib.
Vəkil bildirib ki, təşkilatın fəaliyyəti barədə Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Şurası əməkdaşlarının birgə iştirakı ilə 50 səhifəlik akt hazırlanıb.
“Anar Məmmədli aktla tanış olsa da sənədin surəti bizə təqdim edilmədi. Sənəddə qeyd edilir ki, SMDT qrantlar alarkən vergidən (Əlavə dəyər vergisindən) yayınıb və buna görə də maliyyə sanksiyası tətbiq olunmalıdır. Anar Məmmədli bu ittihamla razılaşmayıb. Onu da qeyd edim ki, maliyyə yoxlamasını aparan qurumlar qeyri-kommersiya təşkilatlarının maliyyə fəaliyyətini dəyərləndirməkdə səlahiyyətli sayılmırlar və yalnız qeyri-kommersiya hüququ sahəsində müstəqil institutların rəyi obyektiv ola bilər”,-deyə vəkil qeyd edib.

Xatırladaq ki, Anar Məmmədli dekabrın 16-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 192.2.2 ( qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2(vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Dekabrın 16-da Nəsimi Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Qeyd edək ki, Amnesty İnternational Anar Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb. Çoxsaylı beynəlxalq və yerli hüquq- müdafiə təşkilatları A.Məmmədlinin dərhal azadlığa buraxılması tələbi ilə bəyanatla çıxış edib.

Previous Post

Anar Mammadli refuses to recognize the state-conducted audit of his organization

Next Post

Journalist Natig Javadli sacked over critical article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.