Dekabrın 1-də bloger Elmar Əziz Bakının Pirallahı rayon polis bölməsinə çağırılıb. Buna onun yol polisi əməkdaşları haqda yaydığı video səbəb olub.
Bundan öncə Əziz yerli KİV-ə bildirib ki, noyabrın 30-da Qala qəsəbəsində yol polisi əməkdaşlarının sürücülərdən rüşvət almasını videoya çəkib. O, videonu Facebook-da paylaşıb.
Pirallahı polisində, sonra isə Bakı Şəhər Baş Polis İdarəsində ona təzyiq edilib. Onu videonu silməyə məcbur ediblər və bu barədə danışmamağı tələb ediblər. Lakin Əziz baş verənlərlə bağlı KİV-ə danışıb və bu gün onu valideynlərilə birlikdə yenidən Pirallahı rayon polis bölməsinə çağırıblar.
Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Turan-a deyib ki, Elmar Əzizin valideynlərinin polisə aparılması barədə məlumat doğru deyil.
Onun sözlərinə görə, Elmar Əziz öz şikayətinin araşdırılması üçün özü polisə dəvət olunub.