Mayın 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Razi Alışov Gəncə şəhərində saxlanılıb.
Partiyadan bildirilib ki, onu Nizami rayonu polis şöbəsinin əməkdaşları saxlayıblar.
“Ailəsinə bildiriblər ki, narkotik maddələrlə bağlı araşdırma aparılır. Mayın 20-da Alışovun evində videoçəkilişlə axtarış aparılıb. Anasına hansısa kağıza qol çəkdiriblər. Gözlüyünü götürməyə imkan verməyiblər ki, yazılanları oxusun”, – partiyadan bildiriblər.
Alışov 48 saatlığa saxlanılıb, bu müddət bazar ertəsi saat 21.00-da bitir.
Alışova qarşı ittiham irəli sürülərsə, o, barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəmə qarşısına çıxacaq.
Partiyada hesab edirlər ki, fəal siyasi fəaliyyətinə görə təqib olunur.
Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.