Yanvarın 27-28-də Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə jurnalist Tofiq Yaqublu və İsmayıllı məhbuslarının işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu barədə bu gün(29 yanvar) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Nemət Kərimli məlumat verib.
“Tofiq Yaqublunun ailə üzvləri və yaxınları yanvarın 21-də bu iş üzrə növbəti məhkəmə iclasından qayıdarkən ağır yol qəzasına düşüb və jurnalistin həyat yoldaşı cərrahi əməliyyat edilməlidir. Buna görə də Tofiq bəyin ailə başçısı kimi onların yanında olmasına şərait yaradılması məqsədilə hakimdən ailənin bu vəziyyətini, humanizm prinsiplərini əsas götürüb Tofiq Yaqublunun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verdik. Həmçinin də hazırlıq iclasında həbs qətimkan tədbirini qüvvədə saxlayanda əsas gətirilmişdi ki, azadlıqda qalarsa zərərçəkmişlərə və şahidlərə təsir etmək imkanı var. Bu əsas da artıq aradan qalxıb, çünki zərərçəkənlər və əleyhinə ifadə verən şahidlərin də böyük əksəriyyəti dindirilib. Lakin hakim vəsatəti təmin etmədi”,- deyə vəkil bildirib.
N. Kərimli qeyd edib ki, növbəti gün davam edən prosesdə İsmayıllının Hacıhətəmli kənd sakinləri, həmçinin “Azadlıq” qəzetinin müxbiri Ramin Deko (Cəbrayılzadə) və “Müsavat” qəzetinin əməkdaşı Elşən Balaxanski (Məmmədov) ifadə veriblər.
“İfadə verən kənd sakinləri dedilər ki, polis onları söyün, nalayiq təhqir və təzyiqlərlə onlardan ifadə alıblar. Hətta biri bildirdi ki, polis ona külqabı atıb. Bu ifadələr Tofiq Yaqublu və İlqar Məmmədovun əleyhinə verilmiş bütün ifadələri mənasız edir”,-deyə vəkil əlavə edib.
Xatırladaq ki, yanvarın 24-də İsmayıllı rayonuna səfəri zamanı sakinlər arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamağa çağırışlar etməkdə təqsirləndirilən Tofiq Yaqubluya qarşı Cinayət məcəlləsinin 233-cü və 315-ci maddələri ilə ittiham irəli sürülüb. Nəsimi rayon Məhkəməsi 4 fevral 2013-cü il tarixdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi 8 fevral 2013-cü il tarixində bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib. Aprelin 27-də isə T. Yaqubluya qarşı qarşı Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə ittihama xitam verilib və 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddə ilə ittiham irəli sürülüb ki, bu maddə ilə də dörd ildən on iki ilədək həbs nəzərdə tutulur.