Regional televiziyanın lisenziya müddəti uzadılmayıb

February 20th, 2014

mtrsh

Fevralın 14-də Milli Televiziya və Radio Şurası (MTRŞ) Zaqatalada yayımlanan “Aygün” regional televiziya kanalının yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılmaması barədə qərar çıxarıb və fevralın 14-də saat 18:00-dan televiziyanın yayımı dayandırılıb. Bu barədə Milli Televiziya və Radio Şurasının rəsmi internet saytında məlumat qeyd edilib.
Aygün TV-nin rəhbəri Niyazxan Mehdiyev Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, bizə hər hansı rəsmi xəbərdarlıq gəlməyib və yalnız 2013-cü ilin dekabrında zəng etdilər ki, sənədləri təqdim edin.

“Biz lazım olan sənədləri təqdim etdik. Gəldilər komissiya olaraq, yoxladılar. Dedilər loqo yoxdur, bildirdim ki, onu həll edərik. Avadanlıqlarla bağlı irad bildirdilər, mən də bildirdim ki, rəqəmsal avadanlıqları əldə etmək üçün vaxt və pul lazımdır, buna görə də 3-4 ay vaxt istədim. Ondan sonra hər hansı iclasdan xəbərimiz olmayıb. Bir də fevralın 13-də, iclasa bir gün qalmış və günortadan sonra mənə zəng etdilər ki, sabah iclasda olun. Hesab edirəm ki, bu bizə qarşı qərəzli münasibətdir. MTRŞ-dən belə ayrı-seçkilik birinci dəfə deyil. Keçən dəfə, yəni 2006-cı ildə də hamı 100 manat ödədiyi halda, bizə lisenziya üçün 11.000 manat ödətdirmişdilər. Qərar qəbul edilənə kimi mənə bəlli edilmişdi ki, lisenziyanı uzatmaq istəmirlər”,-deyə Nuriyev əlavə edib.
Kollektivdə və ətrafdakılarda bu qərarın çox kəskin mənfi reaksiya yaratdığını nəzərə çatdıran kanal rəhbəri bildirib ki, iyirmi ilin kollektivi ilə qalmışıq belə, çaşqınlıq vəziyyətində, hamının əhvalı çox pisdir, kömək əvəzinə bizi bağlayırlar və hazırda biz məsləhətləşirik ki, bundan sonra nə edək.

Şura aparatının rəhbəri Toğrul Məmmədov bildirib ki, 2013-cü il dekabrın 11-də şura “Aygün” TV-nin lisenziya müddətinin uzadılması məsələsinə baxıb, zəruri sənədlər vaxtında və tam təqdim olunmadığına görə şura televiziyanın fəaliyyətini araşdırmaq qərarına gəlib və lisenziyanın uzadılması barədə müraciətə baxılmasını təxirə salıb.
Şura aparatının rəhbəri Toğrul Məmmədovun verdiyi məlumata əsasən “Aygün” TV-nin yayım keyfiyyəti çox aşağı idi.

“ Televiziya 6 il müddətində fəaliyyət göstərsə də şura tərəfindən nöqsanlarına göz yumulurdu və televiziya heç bir qərarları icra etmirdi. MTRŞ-nın komissiyası televiziyaya baxış keçirib və bir çox nöqsanları hələ də aradan qaldırmadıqlarını bildiriblər. Belə ki, televiziyaya 24 saat efirdə olması üçün lisenziya verilsə də o 5-6 saat efirdə olurdu, emblemasız yayımlanırdı, avadanlıqların texniki normaya uyğun deyildi, rəqəmsal yayıma keçməyiblər, reklamla bağlı tələblər də pozulurdu, televiziyanın qeydiyyat jurnalı və hər hansı nəzarət proqramı yox idi. Əslində isə nəzarət proqramları bir ay müddətində saxlanılmalıdır”, deyə Məmmədov qeyd edib.
Xatırladaq ki, “Aygün TV” 1996-cı ildən fəaliyyət göstərən regional kanaldır. Sonuncu dəfə lisenziyasının uzadılması 2006-cı ildə MTRŞ-lə aralarında narazılıqlar aradan qaldırıldıqdan sonra mümkün olub.