Vəkil Niyaməddin Əhmədovla görüşə bilmir

October 1st, 2021

Həbsdə olan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədovun vəkili Zibeydə Sadıqova müvəkkilinin aclıq etməsi barədə məlumatı şərh etməyib.

“Mənim onunla görüşümə şərait yaratmırlar, buna görə onun aclıq edib-etməməsi barədə dəqiq məlumata malik deyiləm”, deyə o, Turan-a bildirib.

Xatırladaq ki, Əhmədov barəsində məhkəmə davam edir və məhkəmənin sonuncu iclasında (22 sentyabr) prokuror onun uydurma terrorçuluğu maliyyələşdirmə ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bu zaman Əhmədov məhkəməyə etiraz əlaməti olaraq aclığa başlayacağını bildirib.

Sentyabrın 23-də Əhmədov Penitensiar Xidmətin xəstəxanasına köçürülüb, amma vəkil onun yanına buraxılmayıb, hətta telefonla danışmasına belə icazə verilməyib.

“Bu gün bir daha Müəssisə ilə əlaqə yaratmağa çalışdım, mənə dedilər ki, Əhmədov COVİD-19-a yoluxub, karantindədir, danışdıra bilməzlər”, deyə vəkil bildirib.

Eyni zamanda, Əhmədovun atası iddia edir ki, oğlu ədalətsiz məhkəməyə etiraz əlaməti olaraq aclığa başlayıb.

* Xatırladaq ki, Əhmədov 2020-ci il aprelin 15-də saxlanılıb. Növbəti gün məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejimini pozma) və 535-ci (polisə tabe olmama) maddələri ilə təqsirli bilərək 30 gün müddətinə həbs edib.

Sonradan o, Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə ittiham olunub. İstintaq onun Almaniyada yaşayan müxalifətçi Qabil Məmmədovdan “terror aktları törətmək məqsədilə” pul aldığını bildirib.

Əhmədovun həbsinin əsl səbəbi partiya liderinə təzyiq göstərməkdir. Belə ki, istintaq Əhmədovu Əli Kərimliyə böhtan atmağa məcbur etmək istəyib, amma Əhmədov çoxsaylı işgəncələr qarşısında möhkəm dayanıb. Hakimiyyətin bu qədər ciddi təzyiqi Xaql Cəbhəsi Partiyasını məhv etmək ideyasından əl çəkməməsi ilə bağlıdır.