Dekabr ayının 14-də Nərimanov rayon məhkəməsinin hakimi Elşanə Vəliyevanın sədrliyi ilə “Kurort” SC sədri Akif Məmmədovun iddiası əsasında “Xural” qəzetinə qarşı məhkəmə prosesi keçirilib.
Prosesdə hakim E.Vəliyeva işə mahiyyəti üzrə baxılana qədər “Xural” qəzetində A.Məmmədov haqqında heç bir yazının yazılmaması haqqında qərar qəbul edib. Bu xəbəri RATİ-yə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirib.
Baş redaktor vurğulayıb ki, qəzetin 02-08 dekabr 2007-ci il tarixli sayında ““Kurort” SC sədri Akif Məmmədov iş adamını öldürməklə hədələyir!” və 09-15 dekabr 2007-ci il tarixli sayında isə “Akif Məmmədovun “vorovskoy” qaydaları və mafia qanunları” başlıqlı yazılar dərc edilib. Bu yazılar iş adamı Ərəstun Mirzəyevin özünün redaksiyaya müraciəti və onun verdiyi müsahibə əsasında hazırlanıb. Zeynallı onu da bildirdi ki, birinci yazıda Akif Məmmədovun öz mövqeyi də çap olunub. Lakin Akif Məmmədov dekabrın 12-də Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edib. Şikayət ərizəsi əsasında məhkəmə hazırlıq iclası 04 yanvar 2008-ci ilə təyin edilmişdir.