Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi Camal Ramazanovun sədrliyi ilə “Bizim Yol“ qəzetinin əməkdaşı Müşfiq Hüseynovun məhkəməsi davam etdirilib.
Məhkəmə iclası zamanı M. Hüseynov təqsirləndirilən şəxs kimi ifadə verdi. Onun sözlərinə görə, “Bizim yol“ qəzetində nazirlik haqqında bir tənqidi məqalə dərc edilmişdi. Məqalə dərc edildikdən sonra nazirliyin mətbuat xidmətinin rəhbəri E. Kələntərli və tanımadığı digər şəxslər Hüseynova zəng edərək, daha belə yazıların verilməməsinə və informasiyanın mənbəyinin açıqlanmasına görə pul təklif ediblər: “Belə şəxslərdən biri də Rizvan Əliyev olub. Əliyevlə görüşüm zamanı o bildirib ki, nazirin ailəsinə zəng olunub və ailə zəminində yazıların nəşr ediləcəyi bildirilib. Mən ona zəmanət verdim ki, bizim qəzetimizdə ailə zəminində indiyə kimi yazı getməyib və bundan sonra da getməyəcək, lakin tənqidi yazılar olacaq. Bununla belə Əliyev bu yazıların dəqiq veriləcəyinə məni inandırdı və 1000 ABŞ dollarını mənbəyə vermək üçün mənə verdi. Mən bununla razılaşdım və bildirdim ki, pulu verərəm və bu onları çaşdırar, yəni ailə zəminində olan məlumatları yaymaqdan çəkindirər, 2500 dollar isə mənə vasitəçilik üçün verilib. Mən isə azad sahibkaram, şəxs VÖEN-im var və bu hərəkətimdə cinayət əməli görmürəm“.
Daha sonra MTN-nin antiterror şöbəsinin əməkdaşları Salman Həsənov və Hacıyev Çingiz, Rizvan Əliyevin köməkçisi Ağacan /hmədov və nazirliyin mətbuat xidmətinin katibi Elnur Kələntərli şahid qismində dindirildi. MTN əməkdaşları ifadələrindən bəlli oldu ki, R.Əliyev 18 iyul 2007-ci il tarixində MTN-nin antiterror şöbəsinə müraciət edib və Hüseynovun həbs edilmə əməliyyatı rüşvət alma kimi cinayətlərlə məşğul olmayan anti-terror şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Bundan sonra hakim jurnalistin vəkili Vüqar Xasayevin hazırlıq iclasında qaldırdığı Bahəddin Həziyevin şahid qismində dindirilməsi haqqında vəsatətinə baxdı. Qısa müşavirədən sonra hakim vəsatəti təmin etmədi. Növbəti proses 17 yanvar saat 15.00-a təyin edildi.