MÜŞFİQ HÜSEYNOVU MTN-NİN ANTİTERROR ŞÖBƏSİ HƏBS EDİB

yanvar 10th, 2008
  Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi Camal Ramazanovun sədrliyi ilə “Bizim Yol“ qəzetinin əməkdaşı Müşfiq Hüseynovun məhkəməsi davam etdirilib.

Prosesdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Rizvan Əliyev və onun vəkili İlqar Abbasov iştirak edirdi. Dövlət ittihamçısı ittihamı oxuduqdan sonra hakim Müşfiq Hüseynova özünü təqsirli bilib-bilməməsi haqqında sual verdi.Hüseynov özünü təqsirli hesab etmədi. Bundan sonra Rizvan Əliyev zərərçəkmiş şəxs kimi ifadə verdi. O qeyd edib ki, “Hüseynov məndən ilkin olaraq yazıların bir günlük gecikdirilməsi üçün 2000 və qəzetə informasiya ötürən mənbənin adının açıqlanmasına görə 5000 ABŞ dolları istəyib. Mən bununla razılaşmadım və bundan sonra qəzetin ardıcıl üç nömrəsində nazirlik haqqında yazılar getdi“. əliyevin sözlərinə görə, bundan sonra Müşfiqlə əlaqə yaradılıb və hadisələr bəlli olduğu kimi cərəyan edib. Jurnalistin vəkili Vüqar Xasayev Əliyevə suallar verdi. Xasayev Rizvan Əliyevdən onunla Müşfiq Hüseynov arasında olan söhbətdə “mən nə etməliyəm ki, bu məqalələrə son qoyulsun?“, “1000 verirəm ona, bəs sənə?“ kimi ifadələrinə aydınlıq gətirməyi xahiş etdi. Əliyev bu suallara tam cavab verməyərək, söhbəti təfərrüatı ilə xatırlamadığını bildirdi. Vəkil bildirdi ki, bu suallar onu göstərir ki, pul haqqında təkliflər R.Əliyev tərəfindən gəlib. Əliyev vəkilin “Qurd qapısı“ restoranına görüşün kim tərəfindən təyin edildiyi sualına cavabında dedi ki, buna qarşılıqlı şəkildə razılaşmışıq. Hüseynov isə öz çıxışında qeyd etdi ki, restorana görüş Əliyev tərəfindən təyin edilib: “Əliyev mənə zəng vuraraq bildirdi ki, “Qurd qapısı“ restoranında görüşə bilərik, məinm Lökbatanda işim var, yarım saatdan sonra orada olacağam“. Proses zamanı Əliyevin ibtidai istintaq zamanı verdiyi ilkin ifadələr və Hüseynovla üzləşdirmə prosesində dedikləri arasında zidiyyətlərin olduğu üzə çıxdı.

     Məhkəmə iclası zamanı M. Hüseynov təqsirləndirilən şəxs kimi ifadə verdi. Onun sözlərinə görə, “Bizim yol“ qəzetində nazirlik haqqında bir tənqidi məqalə dərc edilmişdi. Məqalə dərc edildikdən sonra nazirliyin mətbuat xidmətinin rəhbəri E. Kələntərli və tanımadığı digər şəxslər Hüseynova zəng edərək, daha belə yazıların verilməməsinə və informasiyanın mənbəyinin açıqlanmasına görə pul təklif ediblər:  “Belə şəxslərdən biri də Rizvan Əliyev olub. Əliyevlə  görüşüm zamanı o bildirib ki, nazirin ailəsinə zəng olunub və ailə zəminində yazıların nəşr ediləcəyi bildirilib. Mən ona zəmanət verdim ki, bizim qəzetimizdə ailə zəminində indiyə kimi yazı getməyib və bundan sonra da getməyəcək, lakin tənqidi yazılar olacaq. Bununla belə Əliyev bu yazıların dəqiq veriləcəyinə məni inandırdı və 1000 ABŞ dollarını mənbəyə vermək üçün mənə verdi. Mən bununla razılaşdım və bildirdim ki, pulu verərəm və bu onları çaşdırar, yəni ailə zəminində olan  məlumatları yaymaqdan çəkindirər, 2500 dollar isə mənə vasitəçilik üçün verilib. Mən isə azad sahibkaram, şəxs VÖEN-im var və bu hərəkətimdə cinayət əməli görmürəm“.

     Daha sonra MTN-nin antiterror şöbəsinin əməkdaşları Salman Həsənov və Hacıyev Çingiz, Rizvan Əliyevin köməkçisi Ağacan /hmədov və nazirliyin mətbuat xidmətinin katibi Elnur Kələntərli şahid qismində dindirildi. MTN əməkdaşları ifadələrindən bəlli oldu ki, R.Əliyev 18 iyul 2007-ci il tarixində MTN-nin antiterror şöbəsinə müraciət edib və Hüseynovun həbs edilmə əməliyyatı rüşvət alma kimi cinayətlərlə məşğul olmayan anti-terror şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

     Bundan sonra hakim jurnalistin vəkili Vüqar Xasayevin hazırlıq iclasında qaldırdığı  Bahəddin Həziyevin şahid qismində dindirilməsi haqqında vəsatətinə baxdı. Qısa müşavirədən sonra hakim vəsatəti təmin etmədi. Növbəti proses 17 yanvar saat 15.00-a təyin edildi.