QƏNİMƏT ZAHİDOVUN (ZAHİD) ƏLYAZMALARININ LƏĞV EDİLDİYİ BİLDİRİLİR

Bu gün (14 avqust) Sabayel Rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun (Zahid) öz əlyazmaları ilə bağlı qaldırdığı iddia əsasında  məhkəmə prosesi keçirilib.

Prosesdə  Q.Zahidovun nümayəndəsi kimi çıxış edən Fariz Namazov baş redaktorla eyni təcridxanada olan dustaqların, həyat yoldaşı Ayəndə Mürsəliyevanın, “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədovun və Bayıl təcridxanasının rəisi Misir Əliyevin şahid qismində ifadə vermələri barədə vəsatət qaldırdı. Hakim vəsatəti qismən təmin etdi. Zahidin həyat yoldaşı A.Mürsəliyeva və “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov ifadə verdilər.
Şahid qismində ifadə verən Mürsəliyeva əlyazmalarda dövlətin əleyhinə yazıların olmadığını və burada  yalnız Azərbaycanda baş verən ictimai-siyasi məsələlərdən bəhs edildiyini bildirdi.
”Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov da öz çıxışında Q.Zahidlə  əlyazmaların ümumi mövzusu haqqında danışdığını və burada   1991-ci ildən bu günə kimi Azərbaycanda baş verən ictimai-siyasi məsələlərdən bəhs edildiyini deyərək, əlyazmaların məhv edilməsini qanuna zidd hesab etdi.
Zahidovun vəkil Elçin Sadıqov isə əlyazmaların məhv edilib-edilməməsi ilə maraqlandı və qarşı tərəfin nümayəndəsi A.Məmmədov əlyazmaların məhv edilməsi ilə bağlı aktın surətini vəkilə təqdim etdi. Lakin aktın surəti təsdiqlənmədiyindən vəkil bu aktın təsdiq edilmiş surətinin təqdim edilməsini istədi. Bundan sonra Sadıqov əlyazmaların məhv edildiyi təqdirdə baş redaktora maddi və mənəvi ziyanın vurulduğunu hakimin diqqətinə çatdırdı: ”Beynəlxalq və yerli qanunvericiliyinə görə, əlyazma əqli mülkiyyət sayılır və onlar məhv edilə bilməz. Buna görə də Zahidova dəymiş maddi və mənəvi ziyanın ödənliməsini təmin etməyinizi sizdən xahiş edirəm”.
Qarşı tərəfin nümayəndəsi A.Məmmədov işlə tam tanış olmaq üçün vaxt istədi və hakim növbəti prosesi 27 avqust saat 15.00-a təyin etdi.
E.Sadıqovun RATİ-yə verdiyi məlumata görə, əlyazmaların ləğv edilməsi nəticəsində baş redaktora dəyən mənəvi və maddi zərərin ödənilməsi ilə bağlı iddia ərizəsini məhkəməyə təqdim edib və həmin iddiaya əlyazmalarla bağlı qaldırılan birinci iddia ilə birgə baxılır. Xatırladaq ki, birinci iddia ərizəsində əlyazmaların alınmasının qanunsuz hesab edilməsi və onların geri qaytarılması tələb olunurdu.
Previous Post

ANS-İN ƏMƏKDAŞLARI GÜRCÜSTANDA ATƏŞƏ TUTULUBLAR

Next Post

RATİ 2008-Cİ İL PREZİDENT SEÇKİLƏRİ ÜZRƏ MEDİA MONİTORİNQİ LAYİHƏSİNƏ BAŞLAYIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.