Dünən (06 oktyabr) Bakı Apellyasiya Məhkəməsində “Tolışı sədo” (Talışın səsi) qəzetinin baş redaktoru Novruzəli Məmmədovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.
Bu dəfə də proses qapalı keçirilib. Bu barədə RATİ-yə N. Məmmədovun vəkili Hilal Məmmədov məlumat verib.Onun sözlərinə görə, ötən məhkəmə prosesində N. Məmmədovun digər vəkili Ramiz Məmmədov məhkəmə tərkibinə (A.Abdinbəyov, R.Səfərov, Q.Məmmədov)) etiraz etmişdi. Məhkəmə bu vəsatəti rədd edib və növbəti prosesi oktyabrın 17-si saat 11.00-a təyin edib.
Xatırladaq ki, “Tolışi sədo” qəzetinin baş redaktoru, Milli Elmlər Akademiyasının şöbə müdiri Novruzəli Məmmədovun 2007-ci il fevralın 2-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilib. Daha sonra məhkəmənin hökmü ilə o 10 il müddətinə azadlıqdan məhrum edilib. O Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, dini düşmənçiliyi yayma) maddələri ilə ittiham olunub.