BMT-NİN İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ AZƏRBAYCANDA SÖZ VƏ İFADƏ AZADLIĞI İLƏ BAĞLI BİR SIRA MƏSƏLƏL

İyulun 20-21-də Cenevrədə keçirilmiş  Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Komitəsinin 96-cı sessiyası  çərçivəsində Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələr olub.

 Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Rəsul Cəfərov Azərbaycanda fəaliyyət göstərən 8 təşkilat və Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz şəbəkəsinin təqdim etdiyi, insan haqlarının bir neçə sahəsindəki problemlər  barəsində məruzə ilə çıxış etmişdir. O, çıxışında vurğulayıb ki, Azərbaycanda söz azadlığı və insan haqları sahəsindəki vəziyyət günbəgün pisləşməkdədir. Gənc bloqçular Emin Milli (Abdullayev) və Adnan Hacızadənin həbsi məsələsinə toxunan R.Cəfərov vurğulamışdır ki, müxalifətə və digər qruplara 2006-cı ildən bəri mitinqlərin keçirilməsi üçün icazə verilmir. Elmar Hüseynovun qətlinin üstünün hələ də açılmaması, jurnalistlərə qarşı qondarma cinayət işləri nəticəsində və diffamasiyaya görə həbslər, jurnalistlərə qarşı təqib və təzyiqlərin davam etməsini diqqətə çatdıran RATİ təmsilçisi, məhkəmələrin və Məhkəmə Hüquq Şurasının icra hakimiyyətinin təsiri altında olması barədə də məlumat vermişdir. Çıxışda həmçinin vurğulanmışdır ki, diffamasiyanın ləğv olunması ilə bağlı məsələ Azərbaycan hakimiyyətinin laqeyd münasibəti nəticəsində hələ də həll edilməmiş qalır. O, həmçinin Azərbaycan Respublikası Konstitusiyasına “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanuna, “Televiziya və radio yayımı haqqında” Qanuna, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna edilmiş əlavələr və dəyişikliklər edilməsinin söz azadlığını və vətəndaş cəmiyyətinin inkişafını məhdudlaşdırdığı da çıxışda vurğulanıb. Bundan başqa, KİV nümayəndələri ilə yanaşı QHT rəhbərləri barəsində məhkəmələrdə ədalətli qərarlar çıxarılmadığını deyən R.Cəfərov, RATİ sədri Emin Hüseynov Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və Hüquq Maarifçilik Cəmiyyətinin sədri İntiqam Əliyev barəsindəki məhkəmə işlərini misal kimi göstərib. Xarici radiostansiyaların qadağan olunması və qadınlara qarşı ayrı-seçkilik və yerli zorakılıq halları da çıxışdakı əsas məqamlardan olub.

         Məruzəyə  və xüsusilə blogerlərin həbsinə toxunan “Human Rights House Foundation”un Cenevrə Ofisinin rəhbəri Florian İrmingerin İnsan Haqları komitəsinə deyib: “Bu ən son hadisə Azərbaycanda zəif reallığı göstərir və ölkədə hüquq müdafiəçiləri və jurnalistlər üçün yaradılmış şəraiti əks etdirir”.

     Müzakirələr hakimiyyəti təmsil edən nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov tərəfindən ölkədə insan haqlarının vəziyyətinə həsr olunmuş bəyanatı ilə başlayıb.
 
     X.Xələfov söz və ifadə azadlığı ilə bağlı çıxışında KİV-lərin müstəqilliyinin artırılması üçün onlara münasibətdə  vergilərin azaldıldğını, kreditlərin verildiyini, borclarının silindiyini bildirdi. Azərbaycanda 3800-dən artıq qəzet və jurnalın nəşr edildiyini, 7 ümumrespublika, 14 regional telekanalın və 11 radionun fəaliyyət göstərdiyini deyən Xələfov Prezident yanında KİV-ə Dövlət Dəstəyi Şurasının yaradılmasını və Prezident tərəfindən 38 KİV-ə 6180 ABŞ dolları yardımın edilməsini də bu sahədə pozitiv addım kimi qiymətləndirmişdir. O Cinayət Məcəlləsinin böhtan və təqsirlə bağlı müddəaları üzrə hüquqşünasların və ictimai xadimlərin daxil olduğu xüsusi İşçi Qrupun fəaliyyət göstərdiyini qeyd etmiş, KİV-lərə və jurnalistlərə qarşı təzyiqlərlə bağlı İnsan Hüquqları Komitəsinə daxil olmuş məlumatları dezinformasiya adlandırmışdır. Xələfovun sözlərinə görə, 2009-cu ilin martında verilən Amnistiya Aktı üzrə 4 jurnalistin azadlığa buraxılmışdır.
 

   İyunun 21-də isə 2009-cu ildə BMT-nin İnsan Hüquqları Komitəsinin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələri davam etmişdir. İlkin olaraq Azərbaycan hakimiyyətini təmsil edən nümayəndə heyəti dünən Komitə üzvləri tərəfindən onlara ünvanlanmış suallar cavab verdilər. Qeyd edək ki, sessiyada Azərbaycan hakimiyyətini aşağıdakı nümayəndə heyəti təmsil edib:

   1. Xələf Xələfov – Xarici İşlər Nazirinin müavini
   2. Rüstəm Usubov – Baş Prokurorun 1-ci müavini
   3. Oruc Zalov – Daxili İşlər nazirinin müavini
   4. Toğrul Musayev – Ədliyyə nazirinin müavini
   5. Sədaqət Qəhrəmanova – Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini
   6. İntiqam Babayev – İdman və Gənclər nazirinin müavini
   7. İlqar Rəhimov – Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
   8. Çingiz Əsgərov – Prezident Administrasiyasının şöbə müdiri
   9. Məmməd Cəfərli – Milli Təhlükəsizlik Nazirliyinin İdarə rəisi
  10. Elçin Əmirbəyov – Azərbaycanın BMT-dəki Daimi nümayəndəliyinin rəhbəri

     Baş  prokurorun 1-ci müavini Rüstəm Usubov çıxış edərək, “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı heç kimin məsuliyyətə cəlb edilmədiyi fikri ilə razılaşmayaraq baş redaktorun qətlində Xubanov Tahir və Əliyev Teymurazın təqsirli olduğunu və onların beynəlxalq axtarışa verildiyini bildirdi. Bayramov Turqay adlı şəxsin isə adları çəkilən şəxslər üçün yalan məlumatlar təqdim edərək mobil telefon nömrələri əldə etdiyi üçün onun 2005-ci ildə məhkəmənin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edildiyini deyən Usubov Xubanovun və Əliyevin Azərbaycana gətirilməsi üçün 6 dəfə Gürcüstanın hüquq-mühafizə orqanlarına müraciət edildiyini, lakin müsbət cavab almadıqlarını da vurğuladı.
 

     Nümayəndə  heyəti sualları cavablandırdıqdan sonra Komitə üzvlərinin digər sualları dinlənildi. Komitənin əksər üzvləri bir sıra suallarla yanaşı həbsdə olan jurnalistlərlə  (Müşfiq Hüseynov, Eynulla Fətullayev və Qənimət Zahidov), diffamasiya məsələləri ilə, jurnalistlərin məruz qaldığı zorakılıqlarla, bloggerlər Emin Milli və Adnan Hacızadənin həbsi ilə, xarici radiostansiyaların Azərbaycanın FM tezliyində yayımının dayandırılması, saxlanılmış şəxslərin vəkillə təmin edilməməsi və sərbəst toplaşmaq azadlığı ilə bağlı xeyli sayda suallar verdilər. Sualların və qaldırılan məsələlr çox olduğundan naharda başa çatması nəzərdə tutulan iclas nahardan sonra da saat 17.00-a kimi davam etdi.
 

     Həbs edilmiş jurnalistlərlə bağlı suala cavab olaraq bildirildi ki, onlar jurnalist fəaliyyətinə görə, ayrı-ayrı cinayət tərkiblərinə görə həbs ediliblər, bununla belə sonuncu Amnistiya Aktı ilə 4 jurnalist azadlığa buraxılmışdır. Şərəf və ləyaqətin alçaldılması məsələsi ilə əlaqədar ədliyyə nazirinin müavini bildirdi ki, Cinayət Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı hüquqşünaslardan, hakimlərdən, ictimai xadimlərdən ibarət İşçi Qrup fəaliyyət göstərir və 147 (böhtan) və 148-ci  (təhqir) maddələrin CM-dən çıxarılması ilə bağlı məsələ də araşdırılır. Bununla belə, o ictimaiyyətin böyük hissəinin bu maddələrin CM-dən çıxarılmasının əleyhinə olduğunu da qeyd etdi. Rüstəm Usubov jurnalistlərin zorakılığa məruz qalması ilə bağlı halların Azərbaycanda şişirildiyini, onlara yalnız 2 faktın məlum olduğunu və onların da araşdırıldığını dedi. Onun sözlərinə görə, “Yeni Müsavat” qəzetinin əməkdaşına qarşı zorakılığa görə Akif Nağının məsuliyyətə cəlb edilib. Digər bir faktın isə “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin (onun barəsində məsələ Komitə üzvləri tərəfindən ayrıca olaraq qaldırılmışdı) bıçaqlanması ilə bağlı olduğunu və bu məsələnin tam araşdırılaraq Xəlilin Sergey Strekalin tərəfindən bışaqlandığını və onun cəzalandırıldığını vurğuladı.
 

     Bloggerlərin həbsinə toxunan Prezident Administrasiyasının şəbə müdiri Çingiz Əsgərov Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yadığı bəyanatlardan sitat gətirərək A.Hacızadənin və E.Millinin təqsirli olduğunu bildirdi. O, bəyanatında Azərbaycanın daxili işlərinə qarışmamaqla bağlı müddəanı da xatırlatdı.
 

     “Azadlıq”, “Amerikanın səsi” və BBC radiolarının yayımının dayandırılması ilə bağlı suala X.Xələfəv cavab verdi və bildirdi ki, onların Azərbaycanda yayımına deyil, məhz FM tezliyində yayımına qadağa qoyulub: “Bu da qanunun tələbidir. Həmin qanun isə Avropa Şurasının ekspertlərinin rəyi əsasında hazırlanıb və mütərəqqi qanun hesab edilir. Həmin radiolar müasir dövrdə digər vasitələrlə də yayımları davam etdirə bilərlər”.
 

     Azərbaycanda vəkillərin çatışmamazlığı ilə razılaşan hökumət nümayəndələri bu problemin əsasən regionlarda olduğunu və bu istiqamətdə müəyyən işlərin görüldüyünü, habelə saxlanılan şəxslərin dərhal vəkillə təmin olunmasında problemin olmadığını dedilər. Daxili İşlər nazirinin müavini Oruc Zalov sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı suala cavab olaraq, “Sərbəst toplaşmaq azadlığı” haqqında Qanunda bu azadlığın məhdudlaşdırıcı hallaırn nəzərdə tutlduğunu bildirdi və 2005-ci il parıament seçkiləri və 2008-ci il prezident  seçkiləri ərəfəsində keçirilən kütləvi aksiyaların və görüşlərin statistikasını gətirdi və bu sahədə bütün tərəflərə bərabər şəraitin yaradıldığını qeyd etdi.
 
     Cavablardan sonra Komitə üzvləri verilən cavablara münasibət bildirərək cavablarda bir sıra anlaşılmamazlıqların olduğunu bildiriblər. Xüsusilə Cinayət Məcəlləsində 147 və 148 maddələrin qalmasının “Mülki və Siyasi Hüquqlar haqqında” Beynəlxalq Paktın 19-cu maddəsinə zidd olduğu, ictimaiyyətin böyük hissənin bu maddələrin çxarılmasının əleyhinə olmasının inandırıcı görünmədiyi, 2008-ci il prezident seçkiləri ərəfəsində namizədlərdən birinin işıqlandırılmasına daha çox yerin ayrıldığı və bununla da ədalətli informasiya mühitinin yaradılmadığı, ATƏT-in də bu nəticəyə gəldiyi, A.Xəlilin bıçaqlanmadan əvvəl döyülməsi məsələsinə aydınlıq gətirilmədiyi, S.Strekalinin həqiqətən də təqsirli olmasının Xəlil tərəfindən qəbul edilmədiyi və onun ölkədən getməyə məcbur qaldığı, jurnalistlərin və blogerlərin xuliqanlıq maddələri ilə təqsirli bilinməsi və onların həqiqətən də xuliqan olmalarının inandırıcı görünmədiyi və bu məsələdə Komitə üzvlərini razı salmağın çətin olaçağı vurğulandı.

     Yuxarıda qeyd edilən məsələlərlə yanaşı Komitə üzvləri və  Azərbaycan hakimiyyətini təmsil edən nümayəndə heyəti arasında QHT-lərin fəaliyyəti və maliyyələşməsi, məhkəmlərin və hakimlərin müstəqilliyi, Məhkəmə-Hüquq Şuraının statusu və fəaliyyəti, polis bölmələrində zorakılıqlar, milli azlıqların hüquqları, vicdan azadlığı, dini icmaların qeydiyyatı, alternativ hərbi xidmət, seksual azlıqların hüquqları və s. məsələlər ətrafında da müzakirələr aparılıb.
 

     İclasın sonunda Xələfov yekun bəyanatla çıxış edərək Azərbaycan hakimiyyətinin insan haqlarının təmin edilməsi məsələsində mövqeyinin davamlı və dönməz olacğını bildirdi. Onun sözlərinə görə, bu gün Komitəyə Azərbaycan QHT-lərindən bu qədər məlumatın daxil olması cəmiyyətin bu məsələdə ayıq olduğunun və Azərbaycanda bu sahənin inkişafına dəstəyin göstərildiyini vurğuladı.

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU VƏ MEDİA HÜQUQU İNSTİTUTUNUN BİRGƏ BƏYANATI

Next Post

MEDİA NÜMAYƏNDƏLƏRİ MƏTBUAT GÜNÜNDƏ MƏHRUM HƏMKARLARINI ZİYARƏT EDİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.