REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU VƏ MEDİA HÜQUQU İNSTİTUTUNUN BİRGƏ BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və Media Hüququ İnstitutu daha 3 jurnalistin Azərbaycan Cinayət Məcəlləsinin böhtan və təhqirə görə cinayət cəzası nəzərdə tutan maddələrinə əsasən məhkum edilmələrindən dərin narahatlıq keçirir və bunu qətiyyətlə pisləyir. 

  Belə  ki, bu gün – 22 iyul Milli Mətbuat Günündə – “Nota”  qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyli və qəzetin yazarı Fərəməz Allahverdiyevi Cinayət Məcəlləsinin böhtan (maddə 147) və təhqirə (maddə 148) görə cinayət cəzası nəzərdə tutan maddələri ilə təqsirli bilən  Bakı şəhəri Nizami rayon Məhkəməsi (hakim Ziya Əliyev) iyulun 22-də onların hər ikisini 3 ay müddətinə azadlıqdan məhrum edib. Hökm qüvvəyə minən kimi hər iki jurnalist həbsə alınacaqlar. Məhkəmə qəzetin başqa bir yazarı Ramiz Tağıyevi isə 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.

     Qeyd edək ki, “Azadlıq Hərəkatçıları Birliyi”nin (AHB) sədri Təhmasib Novruzovun “Nota” qəzetinin  01-07 fevral 2009-cu il 04 (018) sayında “Təhmasib Novruzov kimlərin sifarişini yerinə yetirir”, 08-14 fevral 05 (019) sayında “ATM əməkdaşlarımızı ölümlə hədələyir!”, “MTN-in APA-dakı adamı kimdir?”, 22-28 fevral 2009-cu il 07 (021) sayında “Bəhlul Muradova daha bir cinayət işi qaldırdı”, 01-07 mart 08 (022) sayında “Anan ölsün ay Ramazan-2”, 08-14 mart 2009-cu il 09 (023) sayında “Sevil Nuriyevanın adının qəzetimizdə hallanmasını istəyən qüvvələr kimdir?” adlı məqalələrlə bağlı  Sərdar Əlibəyli, Ramiz Tağıyev və Fərəməz  Novruzoğlu barəsində qaldırdığı iddiaya əsasən 31 mart tarixində Xətai rayon Məhkəməsində hakim Toğrul Əliyev  yazılmış məqalələrin yanlış olması ilə bağlı “Nota” qəzetinin  təkzib verməsi, üzr istəməsi barədə qətnamə qəbul etmişdi. Qətnaməyə əsasən təkzib verməli olan “Nota” qəzetinin 05-11 aprel 2009-cu il tarixli sayında dərc olunan “Şərəfi tapdanmış, ləyaqəti alçalmış Təhmasib Novruzovdan üzrxahlıq  yazısı” başlıqlı məqaləyə görə T.Novruzov yenidən xüsusi ittiham qaydasında iddia qaldırmış və cavabdehlərin CM-nin 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında cəzalandırılmasını tələb etmişdi. Sonradan iddia baxılması üçün Nizami rayon məhkəməsinə göndərilmiş və bu iddiaya əsasən bu gün cavabdehlər barədə hökm çıxmışdır. S.Əlibəyli və F.Allahverdiyev hələlik azadlıqda olsalar da, hökmü əldə etdikdən sonra verəcəkləri Apellyasiya şikayəti təmin edilməzsə, hökm icra olunacaq və hər iki jurnalist həbs olunacaq.

     RATİ  və MHİ qeyd edir ki, “Nota” qəzetinin baş  redaktor əvəzinə münasibətdə bu hökm son 3 gündə ikincidir. İyunun 20-də Nizami rayon məhkəməsində hakim Vidadi Məmmədov Daxili Qoşunların komandanı Zakir Həsənovun və onun müavininin və Daxili qoşunların bir sıra yüksək rütbəli rəsmisinin ittihamları əsasında Sərdar Əlibəylini Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə (böhtan) əsasən 7 ay müddətinə islah işləri cəzası verib.
     RATİ  və MHİ defamativ saydığı ifadələrə görə jurnalistləri ağır cəzaya məhkum edən bu məhkəmə qərarlarını qətiyyətlə pisləyir. Nə qədər sərt olmasından asılı olmayaraq tənqidi ifadələrə görə jurnalistlərə belə cəza verilməsi jurnalistlərin gözünü qorxudan,  onları ictimai müzakirələrə qatqı verməkdən çəkindirən, demokratik toplumda qeyri-adekvat və ifadə azadlığını kobud pozan addımdır.
 
     RATİ  və MHİ jurnalistləri məhkum edən bu məhkəmə qərarlarının dəyişdiriləcəyinə ümid edir.
 
     RATİ  və MHİ defamasiyaya görə cinayət cəzasının saxlanmasının belə ağır fəsadlara gətirib çıxardığını bir daha xatırladaraq, hökuməti defamasiyanı Avropa İnsan Haqları Məhkəməsinin müəyyən etdiyi standartlar əsasında tənzimləyən yeni qanunu qəbul edilməsini dəstəkləməyə çağırır.

Previous Post

“NOTA” QƏZETİNİN BAŞ REDAKTOR ƏVƏZİNƏ VƏ BAŞ MƏSLƏHƏTÇİSİNƏ HƏBS, ƏMƏKDAŞINA İSƏ İSLAH İŞİ CƏZA VERİ

Next Post

BMT-NİN İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ AZƏRBAYCANDA SÖZ VƏ İFADƏ AZADLIĞI İLƏ BAĞLI BİR SIRA MƏSƏLƏL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.