“Alumni Network” Gənclər təşkilatının koordinatoru, “Alumni Network” Gənclər təşkilatının koordinatoru, ANTV onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadənin haqsız yerə həbs edilməsi və onların azadlığa buraxılması ilə bağlı 216 imza ilə prezident İlham Əliyevə məktub göndərilib.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində axşam saatlarında dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. İyulun 20-də Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.