MÜŞFİQ HÜSEYNOVUN HƏYATI TƏHLÜKƏDƏDİR

Bu gün (4 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində həbsdə olan “Bizim Yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun səhhətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq atası Tofiq Hüseynov və yaxınları mətbuat konfransı keçiriblər.

Tədbirdə çıxış edən Müşfiq Hüseynovun atası Tofiq Hüseynov bildirdi ki, iki ay müddətində gedən müalicə oğlunun səhhətində müsbət dəyişiklik yaratmayıb: “Vərəm xəstəsi olan Müşfiqin temperaturu 38 dərəcədən aşağı olmur, müalicə müəssisəsindən isə onun temperaturunun 37,1 dərəcə olduğu bildirilir. Müşfiqin müalicəsinin düzgün getməməsi səhhətini daha da ağırlaşdırır. Onun xəstəliyi hazırda ən kəskin vəziyyətdədir və sağalmaz həddə çatıb. Bu isə onun həyatı üçün çox təhlükəlidir və xəstəliyin inkişafının qarşısını almaq və onun ömrünü uzatmaq üçün ev şəraitində müalicə olunması vacibdir. Müşfiq bildirir ki, o xəstəxanaya yerləşdirildikdən sonra orada 3 nəfər dünyasını dəyişib.”
T.Hüseynov əlavə etdi ki, Müşfiqin vərəm xəstəsi olması və bu səbəbdən azad olunması üçün məhkəməyə müraciət edildikdə, Penitensiar Xidmət Müşfiqin sağlam olduğunu bildirmişdi. “İndi isə Penitensiar Xidmətin rəsmiləri bildirirlər ki, Müşfiq həbs olunmamışdan əvvəl də xəstə olub” – deyən T. Hüseynov hüquq müdafiəçilərinə müraciət edərək, onları M. Hüseynovla görüşməyə və həbsdən azad olunması üçün səy göstərməyə çağırdı.
M. Hüseynovun himayəsində iki azyaşlı uşaq olduğunu qeyd edən atası yaxın vaxtlarda əfv üçün dövlət başçısına müraciət edəcəklərini də bildirdi.
RATİ sədri Emin Hüseynov isə M. Hüseynovla görüşmək üçün dəfələrlə müraciət etdiyini, lakin icazə verilmədiyini bildirdi: “Hər dəfə bizə bildirilir ki, Ədliyyə Nazirliyi yanında İctimai Komitəyə müraciət edin. İctimai Komitədən isə ümumiyyətlə cavab verilmir”.
E. Hüseynov həmçinin qeyd etdi ki, dekabrın 7-də saat 14.00-da M.Hüseynovla bağlı geniş tərkibli dəyirmi masa təşkil olunacaq və bir çox hüquq müdafiəçiləri, xüsusən də İctimai Komitədə təmsil olunan hüquq müdafiəçiləri, həmçinin Penitensiar Xidmət və Ombudsman aparatına iştirak üçün müraciət ediləcək.  
Əlavə edək ki, vərəm xəstəliyindən əziyyət çəkən M.Hüseynov səhhəti kəskin pisləşdiyi üçün 1 ay yarım əvvəl – oktyabrın 14-də cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb. Jurnalist bildirir ki, xəstəliyi getdikcə şiddətlənsə də, ona lazımi müalicə təyin olunmur.
Xatırladaq ki, “Bizim yol” qəzetinin əməkdaşı M.Hüseynov 2007-ci il iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
Qeyd edək ki, “Bizim yol” qəzeti 2003-cü ildən çap olunur və gündəlik qəzet kimi fəaliyyət göstərir.
Previous Post

BƏLƏDİYYƏ SEÇKİLƏRİ DÖVRÜNDƏ TELEKANALLARIN MONİTORİNQİ ÜZRƏ İLKİN HESABAT AÇIQLANIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.