BƏLƏDİYYƏ SEÇKİLƏRİ DÖVRÜNDƏ TELEKANALLARIN MONİTORİNQİ ÜZRƏ İLKİN HESABAT AÇIQLANIB

dekabr 4th, 2009
Bu gün (4 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun  mətbuat mərkəzində Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilən “Azad Dalğalar” layihəsi çərçivəsində bələdiyyə seçkiləri dövründə telekanalların monitorinqinin ilkin nəticələri ilə bağlı hesabatın təqdimatı keçirildi.

Seçkilər dövründə telekanalların monitorinqinin Almaniyanın Marşal Fondu tərəfindən də maliyyələşdirilməsi barədə məlumat verən RATİ sədri Emin Hüseynov bildirdi ki, layihə çərçivəsində 2 əsas və 1 aralıq hesabatın hazırlanması nəzərdə tutulmuşdur. Onun sözlərinə görə, seçki günü də daxil olmaqla aparılacaq monitorinqin nəticələri ilə bağlı  yekun xarakterli hesabat özündə müəyyən tövsiyələri əks etdirəcək. Layihə çərçivəsində 8 ümumrespublika telekanalının (AzTV, İctimai Televiziya, İdman-Azərbaycan, ANS, ATV, Lider, Space, Xəzər) və Naxçıvan Muxtar Respublikasında yayımlanan 2 telekanalın (NTV və Kanal 35) monitorinqinin aparıldığını bildirən Hüseynov, təqdim edilən hesabatda ilkin tövsiyələrin də əks olunduğunu vurğuladı. Tövsiyələr vasitəsilə telekanallarda, xüsusilə dövlət büdcəsindən maliyyələşən telekanallarda namizədlərə və siyasi partiyalar pulsuz efir vaxtının icbari qaydada ayrılması, maarifləndirici və verilişlərin hazırlanmasının icbari qaydada həyata keçirilməsi təklif olunur. Hüseynov seçkilər dövründə öz hüquqlarının pozulmasını düşünən şəxsləri pozuntular barədə müraciətləri təqdim etməyə çağırdı. Onun sözlərinə görə, layihə çərçivəsində bu cür pozuntularla rastlaşmış şəxslərə strateji işlər kimi hüquqi yardımın göstərilməsi nəzərdə tutulmuşdur.  
Səsləndirilən tövsiyələrə münasibət bildirən Media Hüququ İnstitutunun (MHİ) rəhbəri Rəşid Hacılı “Azad dalğalar” layihəsi çərçivəsində televiziyaların tənzimlənməsi ilə bağlı qanunvericiliyə dəyişiklikləri nəzərdə tutan təkliflər paketinin hazırlandığını diqqətə çatdırdı. Onun sözlərinə görə, əgər telekanallar ictimai-siyasi xəbərlər yayımlayırlarsa, artıq onların üzərinə ölkədə baş verən seçki kimi mühüm hadisələr barədə hərtərəfli və balanslaşdırılmış xəbərlər və verilişlər hazırlamaq öhdəliyi düşür. R. Hacılı bu istiqamətdə müəyyən ictimai kampaniyaların aparılmasının zəruriliyini də qeyd etdi.   
İlkin hesabat barədə məlumat verən RATİ-nin əməkdaşı Rəsul Cəfərov monitorinqi aparılan telekanallarda hakim partiya olan Yeni Azərbaycan Partiyasına (YAP) və onun sədri, Prezident İlham Əliyevə geniş efir vaxtının ayrıldığını bildirdi. Onun sözlərinə görə, bu işıqlandırma əksər hallarda pozitiv, bəzi hallarda isə neytral xarakterli olmuşdur. Cəfərov seçkilərlə bağlı maarifləndirici verilişlərin, bu mövzuya həsr edilmiş tok-şouların və sosial reklamların yox dərəcəsində olmasını, narahatçılıq doğuran tendensiya kimi hesabata daxil edilməsini vurğulamışdır. Hesabatda qeyd edilən nəticələr üzrə misallar göstərən RATİ əməkdaşı  alternativ siyasi fiqurlara efir vaxtının ayrılmamağını da mənfi tendensiya kimi hesabatda əks olunduğunu dedi.
Hesabatı buradan əldə edə bilərsiniz:
http://www.tv-radio.az/index.php?option=com_content&task=view&id=1004&Itemid=79