EYNULLA FƏTULLAYEVİN NARKOTİK İSTİFADƏÇİSİ OLMADIĞI MƏLUM OLDU

“Gündəlik Azərbaycan”  və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin narkotik maddə istifadəçisi olub- olmadığını aşkarlamaq üçün 29 dekabr 2009-cu ildə götürülən qan və sidik analizlərinin nəticələri açıqlanıb.

Xəbəri Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna (RATİ) jurnalistin vəkili İsaxan Aşurovla görüşmüş atası Emin Fətullayev verib. Onun bildirdiyinə görə, analizlərinin nəticəsindən baş redaktorun narkotik maddə istifadəçisi olmaması məlum olub.
Əlavə edək ki, 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama)  maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

“İDMAN-AZƏRBAYCAN” KANALI 1 İLDİR QANUNSUZ FƏALİYYƏT GÖSTƏRİR

Next Post

Hüriyyət qəzetinin redaktoru oğlunun həbsi ilə əlaqədar keçirdiyi mətbuat konfransı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.