“İDMAN-AZƏRBAYCAN” KANALI 1 İLDİR QANUNSUZ FƏALİYYƏT GÖSTƏRİR

Bu gün (1 fevral) “İdman-Azərbaycan” telekanalının yayıma başlamasından 1 il ötür.
18 iyul 2008-ci ildə Milli Televiziya və Radio Şurası (MTRŞ) “Azərbaycan Televiziya və Radio Verilişləri Redaksiyası”nı  (AzTVdə adlandırılır) idman telekanalının açılması üçün elan edilmiş müsabiqənin qalibi olduğunu bəyan etmişdi.

Qeyd edək ki, həmin vaxt yerli və beynəlxalq ictimaiyyət AzTV-nin qalib gəlməsini qınamış və bu qərarın yerli qanunvericiliyə və ölkənin beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərə zidd olduğunu bəyan etmişdi. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) analizində bildirilirdi ki, Azərbaycan hakimiyyəti 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunarkən üzərinə götürdüyü öhdəliyə zidd olaraq AzTV-ni ləğv etmək əvəzinə onu genişləndirir.
Qeyd edək ki, AzTV-nin statusu müxtəlif vaxtlarda mübahisəli məsələ olmuşdur. Avropa Şurası Azərbaycanın öhdəliklərindən biri kimi AzTV-nin ləğv edilməsinin olduğunu bildirib. 2004-cü ildə AzTV-2 telekanalının (2003-cü il prezident seçkilərindən sonra fəaliyyətini dayandırmışdı) əvəzinə İctimai Televiziyanın yaradılması istiqamətində müzakirələr aparılarkən, beynəlxalq ictimaiyyət həm AzTV 1, həm də AzTV 2-nin ictimai telekanala çevriləcəyinə ümid edirdi. Həmin vaxtda Avropa Şurası belə bir bəyanatla çıxış etmişdi: “Avropa Şurası Azərbaycan Dövlət Televiziyasının dəyişməsində Birinci (AzTV 1) və İkinci (AzTV 2) kanalların hər ikisinin cəlb olunmayaçağından narahatdır. Azərbaycanın üzərinə götürdüyü öhdəliklər prosesdə hər iki kanalın iştirakını nəzərdə tutur”.
Təəssüf ki, indiyə qədər bu öhdəlik yerinə yetirilməyib. AzTV-yə idman telekanalı açmaq icazəsini verən qərar qəbul etməklə yenidən iki dövlət telekanalı yarandı və Azərbaycan geriyə doğru iri addım atmış oldu.
Qeyd edək ki, dövlət büdcəsindən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə ayrılan vəsaitin müəyyən hissəsi “İdman-Azərbaycan” telekanalına sərf olunur. Xüsusi vurğulamaq lazımdır ki, bu il dövlət büdcəsindən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə İctimai Televiziyadan təxminən 4 dəfə artıq vəsait ayrılıb. Belə ki, 2010-cu ildə  AzTV-yə 30 milyon manat, İTV-yə isə cəmi 8 milyon manat vəsait ayrılıb.
RATİ-nin 2009-cu ilin mart ayından başladığı “Azad dalğalar” layihəsi çərçivəsində apardığı monitorinq göstərir ki, “İdman-Azərbaycan” idman sahəsi üzrə ixtisaslaşmış kanal olsa da, hakim siyasi qüvvələrin təbliğatını aparır. Belə ki, prezident İlham Əliyevin, keçmiş prezident Heydər Əliyevin və ölkənin birinci xanımı, YAP-dan olan millət vəkili Mehriban Əliyevanın idman sahəsi üzrə fəaliyyətləri xüsusi kliplər, süjetlər və reportajlar vasitəsilə təbliğ olunur.
Bundan başqa, eks-prezident Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar AzTV-də verilən bütün verilişlər eyni vaxtda “İdman-Azərbaycan” telekanalında da yayımlanıb.

Previous Post

AZƏR AYXANA DÖVLƏT TƏRƏFİNDƏN AYRILAN VƏKİL HAZIRLIQ İCLASINDA İŞTİRAK ETMƏYİB

Next Post

EYNULLA FƏTULLAYEVİN NARKOTİK İSTİFADƏÇİSİ OLMADIĞI MƏLUM OLDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.