Bu gün (10 fevral) Nizami rayon məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə akademik Cəlal Əliyevin “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan və qəzetin müxbiri Qoşqar Bakılıya qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Məzahir Sadıqov, cavabdeh Azər Ayxan və onun nümayəndəsi Elçin Sadıqov iştirak edirdilər.
Hakim Z.Əliyev iddia ərizəsinin qanunvericiliyin tələbələrinə uyğun hazırlanmadığını əsas gətirərək işə baxılmadan imtina edilməsi ilə bağlı qərar qəbul etdi.
Xatırladaq ki, iddiaya səbəb “Yeni Müsavat”ın bu il yanvarın 5-də işıq üzü görən sayında “Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı, “Bakı” mehmanxanası Cəlal Əliyevin imiş” başlıqlı məqalə olub. Akademik həmin məqalədə şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan və həqiqətə uyğun olmayan məlumatlar olduğunu hesab edərək, Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırmışdı.
Qeyd edək ki, millət vəkili Cəlal Əliyev mərhum prezident Heydər Əliyevin qardaşı, indiki dövlət başçısı İlham Əliyevin əmisidir.
Xatırladaq ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,423/lang,az/