Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən “Beynəlxalq Mətbuat İnstitutu” 2009-cu il ərzində peşə fəaliyyəti ilə əlaqədar vəfat etmiş jurnalistlərlə bağlı “Dünya Mətbuat Azadlığı” adlı hesabat yayıb.
“anspress.com” saytının verdiyi xəbərə görə peşə fəaliyyəti ilə əlaqədar həyatını itirmiş jurnalistlərlə bağlı hesabatda Azərbaycan da yer alıb. Belə ki, Azərbaycanda ötən il 1 jurnalistin dünyasını dəyişdiyi qeyd olunub. Hesabata 55 jurnalist ölümü faktı ilə Asiya qitəsi başçılıq edir. Bundan başqa Latın Amerikası ölkələrində 28, Afrikada 14, Yaxın Şərqdə 6, Avropada isə 7 jurnalist ölümü faktı qeydə alınıb.
Xatırladaq ki, talış dilində çıxan “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib. N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək, etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.