Sentyabrın 1-də Bakı Apellyasiya Məhkəməsində hakim Hüseyn Xəlilovun sədrliyi ilə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı iddiası üzrə Nərimanov Rayon Məhkəməsində iyul ayının 2-də çıxarılmış qərardan cavabdeh tərəfin verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.
Hakim “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının verdiyi bütün vəsatətləri rədd edib və Nərimanov rayon məhkəməsinin çıxardığı qərarı da qüvvədə saxlayan qərar verib.
Xatırladaq ki, iddiaçı “Xural” qəzetinin 23 may 2010-cu il tarixli buraxılışında “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı!!! Prezident Administrasiyasının rəhbəri nədən Şəki camaatını və icra başçısını cəzalandırmalı oldu?” başlıqlı məqalədə yazılanların təkzib edilməsi, üzr istənilməsi və mənəvi zərərə görə 10.000 (on min) manat pul tutularaq, Binə qəsəbəsində yerləşən ”Ümid yeri ” Uşaq Evinə köçürülməsi barədə iddia qaldırmışdı. Nərimanov Rayon Məhkəməsində hakim Rasim Kazımovun sədrliyi ilə keçirilən prosesdə Ramiz Mehdiyevin iddiası tam təmin edilib.
Qeyd edək ki, Xural” qəzeti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb və həftəlik dərc olunur.