Bu gün (20 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Azərbaycan Dövlət Neft Akademiyasından xaric edilmiş tələbə – jurnalist Elmin Bədəlov bir qrup həmkarı ilə birgə ali məktəbə bərpa olunma hüququnun pozulması ilə bağlı mətbuat konfransı keçirdi.
Elmin Bədəlov isə bildirdi ki, bu məsələ ilə bağlı lazımi dövlət orqanlarına artıq müraciət edib, işlə bağlı məhkəməyə də şikayət verilib. “Lakin heç bir nəticə əldə olunmayıb. Hazırda iş Ali Məhkəmədədir. Əgər məsələ burada da müsbət həllini tapmasa, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik”, – deyə o bildirdi.
Xatırladaq ki, Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edərək, pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi.