TƏLƏBƏ TƏHSİL HÜQUQUNUN POZULMASI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRDİ

Bu gün (20 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Azərbaycan Dövlət Neft Akademiyasından xaric edilmiş tələbə – jurnalist Elmin Bədəlov bir qrup həmkarı ilə birgə ali məktəbə bərpa olunma hüququnun pozulması ilə bağlı mətbuat konfransı keçirdi.

Tədbirdə jurnalist Pərviz Əzimov  bildirdi ki,  Azərbaycan Dövlət Neft Akademiyasının “Neft mexanika” fakültəsinin dekanı Qasım Məmmədov Elmin Bədəlovun 6 aydan sonra ali məktəbə bərpa edəcəyinə söz verib. “Dekanın dediyi vaxt artıq tamam olub. Lakin Elmin Bədəlov bu günə kimi Azərbaycan Dövlət Neft Akademiyasına bərpa edilməyib”, – deyə qeyd edən Əzimov məsələ ilə bağlı sentyabrın 21-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ediləcəyini və bu müraciətin də nəticəsi olmayacağı təqdirdə silsilə aksiyalara əl atacaqlarını bildirdi.

Elmin Bədəlov isə bildirdi ki, bu məsələ ilə bağlı lazımi dövlət orqanlarına artıq müraciət edib, işlə bağlı məhkəməyə də şikayət verilib. “Lakin heç bir nəticə əldə olunmayıb. Hazırda iş Ali Məhkəmədədir. Əgər məsələ burada da müsbət həllini tapmasa,  Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik”, – deyə o bildirdi.

Xatırladaq ki, Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edərək,  pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi.

Previous Post

JURNALİSTLƏ BAĞLI AVROPA MƏHKƏMƏSİNİN QƏRARINDAN VERİLMİŞ ŞİKAYƏTİN TALEYİ YAXIN GƏLƏCƏKDƏ AYDINLAŞA

Next Post

JURNALİSTLƏ BAĞLI AVROPA MƏHKƏMƏSİNİN QƏRARINDAN VERİLMİŞ ŞİKAYƏTİN TALEYİ YAXIN GƏLƏCƏKDƏ AYDINLAŞA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.