Məlumatda bildirilir ki, plenumun 11 noyabr 2010-cu il tarixdə Eynulla Fətullayev barəsində qəbul etdiyi qərarlar Avropa Şurası Nazirlər Kabinetinin 3 dekabr tarixində keçirilən iclasında müzakirə olunub və həmin qərarlardan Komitənin razı qaldığı haqda qərar verilib. Eləcə də həmin qərar Avropa Məhkəməsinin 2010-cu il 22 aprel tarixli qərarında müəyyən edilmiş tələblərə tam uyğun olub və həmin qərarla məhkuma istər vergidən yayınma cinayətinə görə, istərsə də hökmlərin məcmusu üzrə təyin edilmiş cəzaların müddətlərinin nəinki artırılması, əksinə qəti cəzanın müddəti azaldılaraq, bununla da məhkumun vəziyyətinin yüngülləşdirilməsi məlumatda qeyd olunur.
Azadlıq” radiosunun məlumatına görə, baş redaktorun vəkili Elçin Sadıqov Ali Məhkəmənin yaydığı məlumatla razı olmadığını bildirib. “ Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin çıxardığı 1 aylıq şərti cəzasının Ali Məhkəmə Plenumu tərəfindən 2 il real həbs cəzası ilə əvəz etməsini Eynulla Fətullayevin cəzasının yüngülləşdirilməsi kimi təqdim etmək gülüncdür” – deyə o bildirib.
Xatırladaq ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı irəli sürülmüş ittiham üzrə çıxarılıb. Məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır.
Onu da qeyd edək ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib. 2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822 avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu isə noyabrın 11-də bu qərarı qismən təmin etmək barədə qərar açıqlasa da, sonradan bu qərarın ümumiyyətlə dəyişdirilməsi bəlli olub.