Bu gün (9 dekabr) Yasamal rayon Məhkəməsində hakim Abbas Rzayev vətəndaş Şirinova Solmaz Qədimalı qızının vətəndaş Hüseynov Zakir Qəni oğluna qarşı xüsusi ittiham qaydasında şikayətini qismən təmin edən hökm verdi. Hökmə görə, Hüseynov Zakir Qəni oğlunun 200 manat məbləğində cərimələndi.
Qeyd edək ki, məhkəmə prosesinə şahid qismində dəvət olunmuş və məhkəmə mövzusu olan məqalələrin müəllifi, “Yeni Müsavat” qəzetinin müxbiri Elşən Qədimov (Balaxanlı) prosesdə iştirak etməyib.
Xatırladaq ki, vətəndaş Şirinova Solmaz vətəndaş Hüseynov Zakirin şikayət ərizəsinə əsasən “Yeni Müsavat” qəzetinin 18. 03. 2010-cu il tarixli sayında dərc olunmuş yazılarda “Həkim Qəninin mülkiyyəti uğrunda dava”, 21. 01. 2009-cu il tarixli sayında “Apellyasiya Məhkəməsinin hakimi qazı rolunda” və “İnter plus” qəzetinin 16-20 aprel 2009-cu il tarixli saylarında “Apellyasiya Məhkəməsi də şəriət qanunlarına “hə” dedi” və s. məqalələrdə şərəf və ləyaqətinin alçaldıldığını və haqqında təhqiramiz ifadələrin işlədildiyini bildirərək, Yasamal rayon Məhkəməsinə müraciət edərək, onun Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən cəzalandırılmasını istəmişdi.