Bu gün (6 yanvar) Nəsimi rayon Məhkəməsində hakim Xumar Mərdanovanın sədrliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş tələbə Elmin Bədəlov ADNA-ya və onun rektoru Siyavuş Qarayevə qarşı ikinci məhkəmə iddiası üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Onun sözlərinə görə, hazırlıq iclasında özü və nümayəndəsi Fariz Namazlı, cavabdeh qismində isə vəkil İlqar Cavadov, ADNA-nın neft-mexanika fakültəsinin dekanı Qasım Məmmədov iştirak edirdilər.
Cavabdehin vəkili İlqar Cavadov “Gündəm” qəzetinin 25 dekabr 2010-cu ildəki sayında gedən “Tələbə öz rektorunu diz çökdürmək istəyir” başlıqlı yazıda ADNA haqqında əsassız ifadələrin yer aldığını və onun nüfuzuna xələl gətirdiyini bildirib və həmin qəzeti hakimə təqdim edilib.
Hakim X. Mərdanova qəzetin iş materiallarına daxil edildiyini deyərək, prosesi 26 yanvar saat 10:30-a təyin edib.
Qeyd edək ki, E. Bədəlov hal-hazırda “Yeni Müsavat” qəzetinin əməkdaşıdır.
Xatırladaq ki, “Yeni müsavat” qəzetinin əməkdaşı Elmin Bədəlov 19 yanvar 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasından xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə təhsil müəssisəsindəki rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edir. Pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasına və rektor Siyavuş Qarayevə qarşı iddia qaldırsa da, 05 aprel 2010-cu ildə iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarılıb. 2 iyul 2010-cu il tarixində Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin 5 aprel 2010-cu il tarixli qərarının qüvvədə saxlayaraq, şikayəti təmin etməyib. Ali Məhkəmə 23 noyabr 2010-cu il tarixində kassasiya şikayətinin təmin edilməməsi barədə qərar verib.