M Ü R A C İ Ə T

Cənab Barrozo,

           

2011-ci il yanvarın 13-ü və 14-də Azərbaycana planlaşdırılan səfərinizlə bağlı Sizə müraciət etmək qərarına gəlmişik. Diqqətinizə çatdırmaq istəyirik ki, Azərbaycanda söz və ifadə azadlığı ilə bağlı ciddi problemlər həll olunmamış qalır.

Ölkənin böyük tirajlı “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin 2007-ci ildə həbs edilən baş redaktoru Eynulla Fətullayev Avropa İnsan Hüquqları Məhkəməsinin onun barəsində dərhal azad edilməsi barədə qərar verməsinə baxmayaraq azad edilmir. Bundan əlavə, Avropa Məhkəməsinin qərarı ilə Fətullayevə ödənilməli olan kompensasiyanı Azərbaycan hökuməti verməkdən imtina edir. Avropa Məhkəməsi 2010-cu ilin aprelində Fətullayevə qarşı irəli sürülən ittihamları rədd edən qərar çıxarmış və oktyabrın 4-də Böyük Palata bu qərarı qüvvədə saxlamışdır.    

Yerli və beynəlxalq ictimaiyyətin davamlı və israrlı çağırışlarına baxmayaraq “Diffamasiya haqqında” Qanun qəbul edilməmiş, nəticədə Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri əsasında jurnalistlərin və KİV-də fikirlərini bildirmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi uzun illərdir davam etməkdədir. Ölkədə azad iqtisadiyyatın mövcud olmadığına görə medianın əsas gəlirini təmin edən  reklam bazarı yox dərəcəsindədir. Bu səbəbdən də müstəqil və ya tənqidçi mövqedə olan KİV-lər ya bağlanılırlar, ya da iqtidarı tənqiddən tərifə keçməklə mövcudluqlarını qoruyurlar.

2005-ci ildə qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qatilləri və qətlin sifarişçiləri hələ də tapılmayıb. Qətldən sonrakı illər ərzində Azərbaycan hakimiyyətinin nümayiş etdirdiyi mövqe deməyə əsas verir ki, bu hakimiyyət cinayətin üstünün açılmasında maraqlı deyil.

Müxtəlif etiraz aksiyalarında və digər aksiyalarda peşə fəaliyyətini yerinə yetirən jurnalistlər fiziki təzyiqlərə məruz qalırlar. peşə fəaliyyətinə görə fiziki təzyiqlərə məruz qalan jurnalistlərin şikayətləri araşdırılmır və təqsirkar şəxslər cəzalandırılmır.

            Avropa Komissiyasının dəstəyi ilə son 2 ildə həyata keçirilən “Azad dalğalar” layihəsi çərçivəsində aparılan monitorinqin nəticələri göstərmişdir ki, ölkədə fəaliyyət göstərən ümumrespublika telekanalları  fikir müxtəlifliyi, siyasi plüralizm, dəqiqlik, balanslaşdırma, obyektivlik və hər kəsin öz fikrini ifadə etmə kimi prinsiplərə riayət etmirlər. Bu və digər tendensiyalar həmin telekanalların hakimiyyətin birbaşa nəzarəti altında olduğunu və telekanalların hakimiyyətin siyasətinə xidmət etdiyini göstərir. Bu gün Azərbaycanda yeni televiziya və ya radio açmaq isə mümkün deyil, Milli Televiziya və Radio Şurası (MTRŞ) hakimiyyətin nəzarəti altındadır və tezliklərin paylanması inhisarçılıq şəraitində həyata keçirilir.  2009-cu ilin yanvarın 1-dən yerli FM tezliklərdə yayımları qadağan olunmuş xarici radiostansiyalar – “Azadlıq” BBC və “Amerikanın səsi” radiostansiyalarının yayımı hələ də bərpa edilməyib. Bütün bunların nəticəsində vətəndaşlar alternativ məlumat mənbələrindən məhrum ediliblər.

2010-cu ilin sonlarında keçirilən parlament seçkilərində müşahidə edilən çoxsaylı qanun pozuntuları, seçki mühitinin olmaması, sərbəst toplaşmaq və ifadə azadlığının təmin edilməməsi bizi narahat edir. Artıq 2011-ci ilin əvvəllərində hakimiyyəti tənqid edən və siyasi əqidəsinə görə başqa cür düşünən şəxslərin həbsi bizim narahatçılığımızı daha artırıb və insan haqlarının pozulması hallarının daha da şiddətlənəcəyini düşünməyə əsas verib.

Biz vətəndaş cəmiyyəti təmsilçiləri olaraq Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsinin tərəfdarıyıq, lakin biz bu əməkdaşlığın süni deyil, əsaslı və hərtərəfli şəkildə, Yaxın Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycanın insan haqları sahəsində üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq inkişafını istəyirik. Sizi Azərbaycan rəhbərliyi ilə görüşünüzdə energetika, təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərindən qabaq söz və ifadə azadlığının, seçki hüququnun, sərbəst toplaşmaq azadlığının və digər hüquq və azadlıqların təmin olunması vəziyyəti ilə bağlı məsələləri müzakirə etməyə və mövcud vəziyyətin dəyişdirilməsi üçün konkret addımlar atmağa çağırırıq.

 

 

Əvvəlcədən təşəkkür edirəm.

Hörmətlə,

“Reportyorların Azadlıq və Təhlükəsizlik

İnstitutu” İctimai Birliyinin  sədri

Emin Hüseynov

Previous Post

EYNULLA FƏTULLAYEV PARTİYA RƏHBƏRİNƏ TƏŞƏKKÜR MƏKTUBU YAZIB

Next Post

HƏRBÇİLƏR KOMPENSASİYA TƏLƏBİ İLƏ ÇOXSAYLI MƏHKƏMƏ İDDİALARI QALDİRIBLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.