EYNULLA FƏTULLAYEV PARTİYA RƏHBƏRİNƏ TƏŞƏKKÜR MƏKTUBU YAZIB

yanvar 12th, 2011
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaijan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev Müsavat Partiyasının başqanı İsa Qəmbərə təşəkkür  məktubu yazıb. Bu barədə bu gün (12 yanvar)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun atası Emin Fətullayev məlumat verib.

 Məktubda Müsavat başqanı İsa Qəmbərin  “Ruh” Azərbaycan Jurnalistlərini Müdafiə Komitəsinin ona 2000-ci ildə təqdim etdiyi  ”Jurnalistlərin dostu" mükafatından imtina etməsi haqqında  bəyanat  verməsi qərarını alqışladığı ifadə olunub.

Qeyd edək ki, İsa Qəmbər  Müsavat Partiyası Məclisinin 2010-cu il, dekabrın 26-da keçirilən iclasında bu barədə bəyanat verib. O,  bəyanatını 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatının prezident İlham Əliyevə verilməsi ilə əsaslandırıb. “Jurnalistləri həbsə atdıran İlham Əliyevə ”Jurnalistlərin dostu" mükafatı verilməsinə etiraz əlaməti olaraq mən bu mükafatdan imtina edirəm” – deyə o bildirmişdi.

Xatırladaq ki E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu isə noyabrın 11-də bu qərarı qismən təmin etmək barədə qərar açıqlasa da, sonradan bu qərarın ümumiyyətlə dəyişdirilməsi bəlli olub. Dekabrın 28-də isə Ali Məhkəmə Fətullayev barəsində Apellyasiya Məhkəməsinin 05 noyabr 2010-cu il tarixli həbs qətimkan tədbirinin ləğv edilməsinə dair verilmiş şikayətinin təmin olunmamağına dair qərar verib.

Onu da qeyd edək ki, 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Hazırda məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır.