Fevralın 11-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Naxçıvanda insan hüquqları və KİV-in monitorinqi layihəsi”nin hesabatı ilə bağlı mətbuat konfransı keçirib.
Layihənin icraçılarından Elman Abbasov və Həkimeldostu Mehdiyev monitorinq müddətində Naxçıvanda istər insan haqları, istərsə də media sahəsində hər hansı müsbət dəyişiklik olmadığını deyiblər. Bütün növ KİV-lərdə yalnız eks-prezident Heydər Əliyev, indiki dövlət başçısı İlham Əliyev və Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov təbliğ edilib. Bu informasiya vasitələrində hakimiyyətin ünvanına heç bir tənqid olmayıb. Qəzetlərdə nəinki beynəlxalq aləmdə, hətta Azərbaycanın digər bölgələrində baş verən hadisələr haqda informasiyalar əksini tapmayıb. Faktiki olaraq Naxçıvanda vətəndaşlar informasiyasızlıq şəraitində yaşamağa məhkum ediliblər. İnternetə gəlincə, internetin sürəti o qədər aşağıdır ki, faktiki ondan istifadə etmək mümkün deyil. İnternetin qiymətləri isə respublikadakı qiymətlərdən 3 dəfə bahadır. Layihə icraçıları muxtar respublikada jurnalistlərə və jurnalist mənbələrinə təzyiqlərin artdığını, müxalif və müstəqil mövqeli qəzetlərin Naxçıvana buraxılmadığını söyləyiblər. Layihə icraçıları Naxçıvandakı durumu təhlil edərək, burada media mənsublarına və hüquq müdafiəçilərinə qarşı təxribatların törədiləcəyi proqnozunu veriblər.
Muxtar Respublika əhalisi yerli hakimiyyətin müxtəlif çeşidli təzyiqlərinə məruz qalır. Belə ki, Türkiyədən evinə ərzaq gətirən sakinlər gömrük-keçid məntəqəsində rüşvət verməkdən imtina etdikdə malları əllərindən alınır, axşam isə satış üçün ucuz qiymətə alverçilərə satılır. Naxçıvan rəhbərliyi sakinlərə Muxtar Respublikaya 2006-cı ildən əvvəl istehsal edilmiş xarici maşınlar gətirməyə imkan vermir. Layihə icraçılarına görə Naxçıvanda bütün fəaliyyətlər hakimiyyət təmsilçilərinin bizneslərinin inkişafına yönəlib. Bütün alqı-satqılar bu şəxslərə məxsus biznes qurumlarında aparılmalıdır.
Layihənin redaktoru İdrak Abbasov isə, son vaxtlar Muxtar Respublikada onsuz da məhdud olan informasiya mənbələrinin sayının azalmağından şikayətlənib. Onun sözlərinə görə, dövlət qurumları onsuz da hər hansı bir məlumatı verməkdə maraqlı deyillər, problemlə üzləşən vətəndaşlar isə mətbuata məlumat verdikdən sonra daha sərt problemlərlə üz-üzə qalırlar.
Qeyd edək ki, layihə Norveç Xarici İşlər Naziriliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.