Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı barəsindəki cinayət işinin istintaqı yekunlaşmaq ərəfəsindədir. Bu barədə bu gün (29 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) N. Pənahlının vəkili Samir İsayev məlumat verib.
Xatırladaq ki, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı yanvarın 8-də mülki geyimli şəxslər tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsi 21-ci polis bölməsinə aparılıb. Pənahlının saxlanmasına səbəb yanvarın 7-də vətəndaş Eldar Rzayevin polisə müraciəti olub. O, Mirəli Qaşqay küçəsində Pənahlı və onun tanışı Ceyhun Fərzullayev tərəfindən yumruq və metal əşya vasitəsilə döyüldüyünü iddia edərək, polisə müraciət edib. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Yaxınlarının verdiyi məlumata görə, əslində Pənahlı namizəd kimi iştirak etdiyi 7 noyabr 2010-cu il parlament seçkiləri zamanı, seçkilərdən sonra mətbuatda, xüsusilə də “Nota PS” qəzetlərində dərc olunan sərt fikirlərinə görə şərlənərək həbs edilib.