NEMƏT PƏNAHLININ CİNAYƏT İŞİ ÜZRƏ İSTİNTAQ YEKUNLAŞIR

mart 29th, 2011
Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı barəsindəki cinayət işinin istintaqı yekunlaşmaq ərəfəsindədir. Bu barədə bu gün (29 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) N. Pənahlının vəkili Samir İsayev  məlumat verib.

Vəkil S. İsayev  bildirdi ki, N. Pənahlının işini araşdıran müstəntiqlə görüşündə, ona yaxın günlərdə istintaqın yekunlaşması barədə qərarın  elan olunacağı deyilib. O həmçinin qeyd etdi ki, istintaqın qərarından sonra özü və N. Pənahlı cinayət işinin materialları ilə tanış ola biləcəklər.

Xatırladaq ki, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı yanvarın 8-də mülki geyimli şəxslər tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsi  21-ci polis bölməsinə aparılıb. Pənahlının saxlanmasına səbəb yanvarın 7-də vətəndaş Eldar Rzayevin polisə müraciəti olub. O, Mirəli Qaşqay küçəsində  Pənahlı və onun tanışı Ceyhun Fərzullayev tərəfindən yumruq və metal əşya  vasitəsilə  döyüldüyünü iddia edərək, polisə müraciət edib. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin   221.3-cü (silah və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıb.

            Yaxınlarının verdiyi məlumata görə, əslində Pənahlı namizəd kimi iştirak etdiyi 7 noyabr 2010-cu il parlament seçkiləri zamanı, seçkilərdən sonra mətbuatda, xüsusilə də “Nota PS” qəzetlərində dərc olunan sərt fikirlərinə görə şərlənərək həbs edilib.