Aprelin 11-də Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı barəsində Səbail rayon Məhkəməsinin 04 aprel tarixində çıxardığı qərara əsasən apellyasiya şikayətinə baxılıb və şikayət təmin olunmayıb. Bu barədə RATİ-yə Hacılının vəkili Əsabəli Mustafayev məlumat verib.
Eyni zamanda bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı barəsində Səbail rayon Məhkəməsinin 04 aprel tarixində çıxarılmış qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Prosesdən sonra gənc fəalın vəkili Anar Qasımov RATİ-yə bu şikayətin də təmin edilmədiyini bildirib.
Xatırladaq ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı aprelin 2-də keçirilən mitinqdə saxlanılıblar və barələrində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Müxalifətçilər Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) günahlandırılırlar.