AVROPA ŞURASI RƏHBƏRLƏRİ AZƏRBAYCANDA İNSAN HAQLARININ VƏZİYYƏTİNDƏN NARAHATDIR

            Bu gün (25 aprel) Reportyorların Azadlıq və Təhlükəsizliyi institutunun mətbuat mərkəzində RATİ sədri Emin Hüseynov və Demokratiya Monitoru Təşkilatının rəhbəri Fuad Həsənov Avropa Şurasında aprelin 11-dən 19-dək keçirdikləri görüşlərlə bağlı mətbuat konfransı keçirib.

  Hüquq müdafiəçiləri Avropa Şurasının baş katibi Työrborn Yaqland, Azərbaycan üzrə siyasi məruzəçilər Jozef Debono Qrex, Pedro Aqramund, Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi  Kristofer Ştrasser, Avropa Şurasının İnsan Haqları üzrə komissarı Tomas Hammerberq və digər deputatlarla görüşlər keçirib. Görüşlərdə Azərbaycanda insan haqlarının durumu, toplaşmaq, söz və mətbuat azadlığı, siyasi məhbuslar, jurnalistlərə qarşı fiziki təzyiqlər, son aksiyalar zamanı həbslərlə bağlı məsələlər diqqət mərkəzində olub.

            “Siyasi məhbuslar üzrə məruzəçi ona mandatına uyğun viza verilməməsindən narahatdır. Azərbaycan hökuməti mənə monitorinq aparmaq üçün mandatıma uyğun viza vermir. Mənə cavab veriblər ki, Siz qonaq kimi Azərbaycana gələ bilərsiniz. Ancaq siyasi məhbuslar üzrə məruzəçi kimi Azərbaycan Sizi qəbul etməyəcək. Avropa Şurasının tarixində yeganə haldır ki, məruzəçiyə mandatına uyğun viza verilmir. Hətta, Rusiya hökuməti belə, əleyhinə olduğu halda Çeçenistanda insan hüquqlarının vəziyyəti üzrə məruzəçini ölkəyə buraxdı və onun təhlükəsiz işləməsi üçün şərait yaratdı”, –deyə cənab Ştrasser bizə bildirdi. Cənab Ştrasser həmçinin qısa müddət ərzində Azərbaycana gəlmək üçün səylərini davam etdirəcəyini dedi”, – deyə Fuad Həsənov qeyd edib.

             Avropa Şurasının Baş katibi də Azərbaycana səfər edib, ölkədəki vəziyyəti prezident İlham Əliyevlə müzakirə etmək istəyində olduğunu deyib. Amma baş katibin martın 21-də Azərbaycan dövlət başçısına ünvanladığı məktubuna hələ də cavab almayıb.

              Avropa Şurasının rəhbərləri jurnalist Eynulla Fətullayev barəsində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının yerinə yetirilməməsindən də narahatlıqlarını ifadə edib.

            “Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq Avropa Şurasının yaz sessiyasında etdiyi çıxışında Eynulla Fətullayevin məsələsinə toxunub. O bildirdi ki, Eynulla Fətullayevin həbsdə saxlanması Azərbaycanda insan hüquqlarının nə dərəcədə ağır olmasının göstəricisidir”, – deyə Emin Hüseynov bildirib.

            Avropa Şurasının rəsmiləri həmçinin son dövrlər Azərbaycanda Norveç İnsan Haqları Evinin və Amerikanın Milli Demokratiya institutunun fəaliyyətinin dayandırılmasından narahatlıqlarını bildirib.

 

 

 

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN DİREKTORU EMİN HÜSEYNOV VƏ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.