Bu gün (25 aprel) Reportyorların Azadlıq və Təhlükəsizliyi institutunun mətbuat mərkəzində RATİ sədri Emin Hüseynov və Demokratiya Monitoru Təşkilatının rəhbəri Fuad Həsənov Avropa Şurasında aprelin 11-dən 19-dək keçirdikləri görüşlərlə bağlı mətbuat konfransı keçirib.
“Siyasi məhbuslar üzrə məruzəçi ona mandatına uyğun viza verilməməsindən narahatdır. Azərbaycan hökuməti mənə monitorinq aparmaq üçün mandatıma uyğun viza vermir. Mənə cavab veriblər ki, Siz qonaq kimi Azərbaycana gələ bilərsiniz. Ancaq siyasi məhbuslar üzrə məruzəçi kimi Azərbaycan Sizi qəbul etməyəcək. Avropa Şurasının tarixində yeganə haldır ki, məruzəçiyə mandatına uyğun viza verilmir. Hətta, Rusiya hökuməti belə, əleyhinə olduğu halda Çeçenistanda insan hüquqlarının vəziyyəti üzrə məruzəçini ölkəyə buraxdı və onun təhlükəsiz işləməsi üçün şərait yaratdı”, –deyə cənab Ştrasser bizə bildirdi. Cənab Ştrasser həmçinin qısa müddət ərzində Azərbaycana gəlmək üçün səylərini davam etdirəcəyini dedi”, – deyə Fuad Həsənov qeyd edib.
Avropa Şurasının Baş katibi də Azərbaycana səfər edib, ölkədəki vəziyyəti prezident İlham Əliyevlə müzakirə etmək istəyində olduğunu deyib. Amma baş katibin martın 21-də Azərbaycan dövlət başçısına ünvanladığı məktubuna hələ də cavab almayıb.
Avropa Şurasının rəhbərləri jurnalist Eynulla Fətullayev barəsində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının yerinə yetirilməməsindən də narahatlıqlarını ifadə edib.
“Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq Avropa Şurasının yaz sessiyasında etdiyi çıxışında Eynulla Fətullayevin məsələsinə toxunub. O bildirdi ki, Eynulla Fətullayevin həbsdə saxlanması Azərbaycanda insan hüquqlarının nə dərəcədə ağır olmasının göstəricisidir”, – deyə Emin Hüseynov bildirib.
Avropa Şurasının rəsmiləri həmçinin son dövrlər Azərbaycanda Norveç İnsan Haqları Evinin və Amerikanın Milli Demokratiya institutunun fəaliyyətinin dayandırılmasından narahatlıqlarını bildirib.